• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 11.06.2022 11:57

Kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsildi

KepezTV Player

Leysan və dolu bir sıra rayonlarda fəsadlar törədib. Daşkəsəndə 4 körpü dağılıb, yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan dəyib. Hətta kəndlərlə rayon mərkəzininin əlaqəsi kəsilib. Göygöldə isə sakin çayda köməksiz vəziyyətdə qalıb.

Daşkəsəndə güclü leysan yağışları nəticəsində yaranmış sel suları Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndlərindəki körpüləri dağıdıb. Həmin kəndlərin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

Sakinlərin evinə gedə bilməsi üçün yeganə yol atdan istifadədir. O da mümkün olarsa...

Kənddaxili və kəndlərarası avtomobil yolları da yararsız vəziyyətə düşüb. 4 şəxsi avtomobil və 2 kəndlərarası işləyən avtobus sel sularına qərq olub. Avtobus sahiblərinə təxminən 35-40 min manat ziyan dəyib.

Sel nəticəsində 4 kəndin də elektrik enerjisi təchizatı dayanıb, elektrik dayaqları aşaraq tam yarasız vəziyyətə düşüb. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə komissiya yaradılıb, müvafiq işlər aparılır.

Göygöldə isə sel nəticəsində bir nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb. Qoşqar çayının rayonun Topalhəsənli kəndi ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə qalxıb. Nəticədə kənd sakini 40 yaşlı Ramal Qocayev çayı keçmək istəyərkən təhlükə ilə üzləşib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub və vətəndaşı çaydan çıxarmaq mümkün olub. Ramal Qocayevin vəziyyəti normladır, həyatı üçün təhlükə yoxdur.