• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2371
— 30.05.2022 20:03

Gəncədə yaşanan ictimai nəqliyyat problemi nə vaxt həll olunacaq?

KepezTV Player

Şəhər nəqliyyatı. Sakinlərin daha çox istifadə etdiyi avtobus və mikroavtobuslar. İctimai rəy onu deməyə əsas verir ki, istifadəçilər heç də bu nəqliyyat vasitələrinin xidmətindən razı deyil. Avtobuslararası intervalla bağlı yaranan gözləmələr, harda gəldi sərnişin mindirib-düşürməklə yanaşı, nəqliyyat vasitələrinin əksəriyyəti də istifadə üçün yararlı deyil. Yaranan vəziyyətin nə vaxt müsbətə doğru dəyişəcəyini Elnur Vahidoğlu araşdırıb.

Gəncənin Mahrasa bağı adlanan ərazisindəyik. Gündəlik olaraq şəhərin bu hissəsinə hərəkət edən 17 nömrəli avtobusun fəaliyyəti sakinləri yumşaq desək qane etmir. İntervalın böyük olması gecikmələrlə nəticələnir ki, bunu elə sürücülər özləri də etiraf edir.

Növbəti ünvan şəhərin Poçt qəsəbəsidir. Buraya işləyən 9 a nömrəli avtobusdan istifadə edənlərin də mənzil başına vaxtında çatdığını demək çətindir. Sərnişinlər kimi sürücülərin də bununla bağlı öz arqumentləri var.

Avtobuslararası intervalın böyük olmasının yaratdığı narazılıqla yanaşı nəqliyyat vasitələrinin sınıq-salxaq, oturacaqlar və salonun istifadəyə yararsız olması da diqqət çəkən məqamlar sırasındadır. Belə avtobusların istismarda olması həm də təhlükəli vəziyyət yaradır.

Gündəlik olaraq Gəncədə 21 istiqamət üzrə 280-ə yaxın avtobus və mikroavtobus xəttə buraxılır ki, ondan da 10-a yaxın marşurut xətti üzrə nəqliyyat vasitələri istifadəyə yararsız haldadır. Şəhər İcra Hakimiyyəti Başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən yaşanan çətinliyin aradan qaldırılması istiqamətində çalışılır.

İdarə rəsmisi dəqiq vaxt bildirmədi və bunu aparılan danışıqlarda hələ razılığın əldə edilməməsi ilə əsaslandırdı. Odur ki, ölkənin ikinci böyük şəhərində ictimai nəqliyyat sarıdan müşahidə edilən vəziyyətin nə vaxt düzələcəyini demək çətindir. Ümid qalır gözləməyə.

 

Elnur Vahidoğlu