• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 16.05.2022 20:31

Şəhid ailələri doğma şəhərlərində olublar

KepezTV Player

Torpaqlarımızın düşmən əsarətindən xilas olmasının ardından yurdlarından didərgin düşən köçkünlər xüsusi icazə alaraq yaşadıqları, doğulub boya-başa çatdıqları yerləri görməyə, eyni zamanda doğmalarının məzarlarını ziyarət etməyə gedirlər. Bu dəfə Ağdam sakinləri şəhərə səfər edərək həm şəhid olan yaxınlarının məzarlarını ziyarət ediblər, həm də işğal dövründən şəhərdə qalan az sayda abidələri gəziblər.

44 günlük Vətən müharibəsində Ağdam işğaldan azad olunduqdan sonra ailələr gördüyünüz bu ərazidə 1-ci Qarabağ müharibəsində şəhid olan yaxınlarının torpağa tapşırıldığı yerləri təyin edərək burada şəhidlər xiyabanı yaradıblar və mütəmadi olaraq ziyarətlər təşkil edirlər. Bu gün isə Rüstəmovlar və Rzayevlər ailəsi öz şəhidlərinin məzarlarının ziyarət edirlər.

Hər iki ailənin 10 nəfərə yaxın üzvü doğma şəhərlərinə gəliblər. Bu dəfəki səfər şəhid Sənan Rüstəmovun şəhidlik zirvəsinə ucaldığı günə təsadüf edib. Onun şəkli həkk olunmuş mərmər lövhə məzarına vurulub, qəbrin ətrafında səliqə-səhman yaradılıb. Eyni işlər şəhid Namiq Rzayevin məzarında da həyata keçirilib. Ziyarətə gələnlər şəhidlərin keçdiyi döyüş yolundan danışaraq onları yad ediblər, ruhlarına dualar oxunub.

Ağdamın Şəhidlər xiyabanı Birinci Qarabağ müharibəsində ali zirvəyə ucalanlanların uyuduğu məkandır. Erməni vandalları tərəfindən yerlə-yeksan edilən, məzarların yeri belə çətin bilinən bu yer mindən artıq şəhidin qardaşlıq məzarlığıdır.

Şəhidlər Xiyabanından sonra ziyarətçilər Ağdam şəhərində bərpa edilən Ağdam Cümə Məscidinə də gediblər. Daha sonra ailələr Qarabağ xanlarının türbələri və İmarət stadionunda olublar.