• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 14.05.2022 20:23

"İkinci Qarabağ savaşı bizim ortaq şanlı tariximizdir"

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün qardaş ölkəyə işgüzar səfərə gəlib. Dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər. Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş edib.

Prezidentlərin görüşündə siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb. Söhbət zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Hava Limanının təntənəli açılış mərasimində isə prezident bildirib ki, ölkələrimiz çox böyük sınaqlardan keçib. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik deyən dövlət başçısı vurğulayıb ki, bu siyasət atalardan qalan mirasdır, onların vəsiyyətidir və bu vəsiyyətə sadiqik.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir.

Əziz dostlar, əziz qardaşlar. Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir. Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara!Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş etmişdir. Buna görə sizə minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir.Əziz dostlar, qardaşlar, bacılar, sizi bu gözəl hadisə - hava limanının açılışı münasibətilə bir daha təbrik edirəm. Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi!

Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olunub.