• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2255
— 04.05.2022 19:04

“Keçmiş məcburi köçkünlər yaxın gələcəkdə Zəngilana qayıdacaqlar”

KepezTV Player

Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən belə deyib. Bildirib ki, azad edilmiş bütün torpaqlarda bir dənə də qanunsuz tikili olmamalıdır.

Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək və beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi böyük funksiyaları olacaq.Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Preizdent bildirib ki, Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması coğrafi vəziyyəti nəzərdə tutur, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaq.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq.Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, işğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı. Bildiyimə görə, birzolaqlı kənd tipli bir yol çəkmək fikrində idilər. Biz isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkirik. Eyni zamanda, mövcud yol, yəni, sovet vaxtından qalan yol, hansı ki, indi biz ondan istifadə edirik, o da əsaslı şəkildə təmir olunacaq. Yəni, yeni çəkilən yol tam yeni və daha əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə baxımından daha əlverişli olacaq, həm də əlbəttə, vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaqdır.Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.

Digər vacib məsələ məşğulluqla bağlıdır. Ağalı kəndində bu il yeni müəssisələrin yaradılması nəzərdə tutulur.

Mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkan olsun – həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar. Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır.

Kəndlər planlı şəkildə, tenderlər və baş planlar əsasında bərpa ediləcək.Zəngilan şəhərinin Baş planı bütün müasir memarlıq normalarını ehtiva edəcək. Zəngilan şəhəri və ümumiyyətlə, Zəngilan rayonu təbiət nöqteyi-nəzərindən çox gözəl olduğu üçün yeni yaradılacaq şəhər də bu gözəlliyi özündə təcəssüm etdirməlidir.

Zəngilan rayonu həmsərhəd rayondur, həm İranla, həm Ermənistanla və Naxçıvana da məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində, eyni zamanda, Zəngilan rayonundan İran İslam Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac bazarlarına Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və biz bundan maksimum faydalanmalıyıq. Çünki Zəngilandan Ordubada gedən dəmir yolu, avtomobil yolu, o cümlədən İran ərazisinə keçir, - mart ayında müvafiq Memorandum imzalanmışdır, - eyni zamanda, Ermənistan ərazisindən də mütləq keçməlidir və əminəm ki, keçəcəkdir. Ona görə ixrac bazarlarına yaxınlığı, əlbəttə ki, əlavə imkanlar yaradır, həm ixrac üçün, həm də idxal üçün. Yerli istehsalın genişləndirilməsi üçün, əlbəttə ki, ixrac malları da gətirilməlidir, texnologiyalar gətirilməlidir.

Bəsitçay təbiət qoruğunun da bərpasına başlanıb. Dövlət başçısı bildirib ki, buna, çox vaxt lazım olacaq.Ermənistan işğal dövründə torpaqların ekologiyasına böyük zərər vurub.Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilib.Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metalların yataqlarını da vəhşicəsinə istismar edib. Oranı da ekoloji fəlakət zonasına çevirib və qanunsuz olaraq çıxarılan qızıl xaricə aparılıb.

Ermənistan rəhbərliyinə gəldikdə, onların hər bir addımı, hər bir hərəkəti biabırçılıq olub. Amma beynəlxalq auditlə işləyən beynəlxalq şirkət bu çirkin əməllərə əl atırsa, burada həmin o şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının işi olmalıdır. Biz bir neçə dəfə o şirkətin adını çəkmişik, bu gün də çəkə bilərəm: “Cronimet” şirkəti. Nə üçün bu günə qədər reaksiya verilmir? Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları bu şirkətin əməllərini araşdırmır? Biz axı, rəsmən müraciət etmişik. Həm də həmin “Cronimet” şirkətinə müraciət etmişik: gəlin, təmizləyin bu ekoloji terrorun fəsadlarını. Cavab yoxdur. Hüquq-mühafizə orqanlarından cavab yoxdur. Axı, biz bilirik ki, Avropada ekologiyaya nə qədər böyük diqqət göstərilir. Biz bilirik ki, havanın yarım dərəcə istiləşməsi indi bütün dünya, Avropa üçün böyük problem kimi qəbul edilir. İqlim dəyişikliyi problemi bu gün dünya gündəliyinin diqqətini cəlb edib. Amma burada açıq-aşkar görünür ki, təmiz qaynaqlardan axan çay sarı rəngə boyanır. Yəni, oradan götürülən nümunələr, o cümlədən işğal dövründə götürülən nümunələr bunu göstərir.

Qarşıda duran digər vəzifələr ilk növbədə, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub. Zəngilan rayonunda böyük turizm potensialı var. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq.