• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 22.04.2022 16:14

İşğaldan azad olunmuş ərazilər minalardan təmizlənir

KepezTV Player

Vətən müharibəsindəki qələbənin ardından düşmən əsarətindən xilas olan torpaqlara qayıdışı tezləşdirmək üçün dövlət tərəfindən bir çox istiqamətlərdə işlər görülür ki, bunlar arasında ərazilərin minalardan təmizlənməsi ən vaciblərindəndir. Demək olar ki, hətta döyüşlər gedə-gedə və indi də həyata keçirilən minatəmizləmə əməliyyətları nəticəsində işğaldan azad olunan rayonlarımızda kifayət qədər infrastruktur layihələr icra olunub. Bu yöndə Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən işlərlə tanışlıq məqsədilə bu dəfə Ağdam rayonuna mediatur təşkil edilib.

FHN-nin Ağdamdakı düşərgəsinə səfər media nümayəndələrinin minalı ərazilərdə çəkilişlə bağlı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə təlimatlandırılması ilə başlayıb. Ardından Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin 50 nəfərə yaxın şəxsi heyətinin gizli düşmənin axtarışlarını apardığı əraziyə keçilib. Bu ərazi işğaldan əvvəl təmas xətti olub və düşmənin əsas postları yerləşib.

Durduğumuz məkan bir vaxtlar Ermənistanın keçilməz hesab etdiyi Ohanyan səddidir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən Abdınlı kəndində, Maqsudlu kanalının sol və sağ tərəfində minalardan və partlamamış sursatlardan təmizlənmə işləri həyata keçirilir.

Mina əleyhinə xüsusi təyinatlı alay ötən ilin yanvar ayından Ağdam rayonunun kənd və qəsəbələrində olan meliorasiya qurğularının, içməli su hövzələrinin və su anbarlarının ətrafındakı əraziləri piyada və tank əleyhinə, həmçinin partlamamış sursatlardan təmizləmə işlərini yerinə yetirir. Bu günədək pirotexniklər Maqsudlu, Kosalar, Eyvazxanlı, Qızılkəngərli və Xaçındərbənd kəndlərində çirklənən sahələrdə minatəmizləmə əməliyyatları icra ediblər. Abdınlı kəndindəki tapşırıqların isə böyük qismi başa çatıb.

Ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və müharibənin digər qalıqlarından təmizlənməsi prosesində Fövqəladə Hallar Nazirliyi ANAMA və Müdafiə Nazirliyi ilə paralel olaraq fəaliyyət göstərir. Təmizləmə əməliyyatlarında pirotexniklərlə yanaşı kinoloji xidmətin itlərindən də istifadə edilir. İstehkamçılarla birlikdə minaların aşkarlanması və zərərsizləşdirilməsinə kömək edən itlər bir növ onların işini asanlaşdırır.

Abdınlı kəndi təmas xəttinə yaxın olduğundan tapşırıqlar yerinə yetirilərkən burada əsasən tank əleyhinə minalar daha çox aşkar edilir. Bu da o deməkdir ki, minalı ərazilərə qanunsuz keçənlər ölümü gözə almış olurlar. Buna görə istehkamçılar əhaliyə çağırış da ediblər.

Təhlükəli hesab edilən, eyni zamanda yüksək çirklənməyə məruz qalan Abdınlı və ətraf kəndlər minalardan və partlamamış sursatlardan təmizləndikdən sonra burada meliorativ tədbirlərlə bağlı infrastruktur layihələrinin icrasına start veriləcək.

Sülh yolu istiqamətində ən vacib məqamlardan biri Ermənistanın tam olaraq mina xəritələrini Azərbaycana təqdim etməsidir. Belə olan halda ərazilər tez bir zamanda minalardan təmizlənər və yurdlarından didərgin düşən insanlar ən yaxın gələcəkdə doğma el-obaların qayıdarlar.