• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1473
— 18.04.2022 20:24

Yeni meydançada köhnə ənənələr davam etdiriləcək

KepezTV Player

Gəncədə martın əvvəlində AFFA tərəfindən yenidən qurularaq istifadəyə verilən futbol meydançasında bir müddətdir məşqlərə start verilib. Mərhum məşqçi Konstantin Abramenkonun ənənələrinin davam etdiriləcəyi Lokomotiv stadionunda seleksiya xarakterli məşqlərə qısa vaxtda xeyli uşaq axın edib.

Nizami yurdunda Kostya dayının stadionu kimi məşhurlaşan meydançada artıq iki həftədən çoxdur ki seçimlər həyata keçirilir. Müxtəlif yaş qruplarında futbola həvəsi olan uşaqların seleksiyasının aparıldığı məşqlərə 100-ə yaxın azyaşlı cəlb edilib. Burada həftə içi 3 gün və bazar günü olmaqla təcrübəli mütəxəssislər tərəfindən istedadlı futbolçular aşkarlanaraq məşq bölmələrinə yönləndirilirlər.

Məşq bölmələrində uşaqlara futbolun sirlərini tanınmış veteran futbolçular öyrədəcək. Çalışdırıcılar Gəncə futbolunun əvvəlki əzəmətini geri qaytarmaq üçün yeni perspektivli uşaqları üzə çıxarmaq niyyətindədirlər.

Konstantin Abramenko ilə birlikdə məşqçilik edən, qocaman çalışdırıcı dünyasını dəyişdikdən sonra yararsız halda olan meydançada fəaliyyət göstərən Rauf Rzayev isə Kostya dayının ənənələri davam etdirməyi bundan sonra da qarşısına hədəf qoyub.

Meydança məşqçi və uşaqların ixtiyarına verilsə də, keçmişdə idman qurğusuna daxil olan və stadion təmir edilərkən yenilənməsi nəzərdə tutulan soyunub-geyinmə otaqları, eləcə də muzey hələ də yenilənməyib. Veteran futbolçular və valideynlər də narahatlıq doğuran bu məqamın aradan qaldırılımasını vacib sayırlar.

Bu meydançadan Asif Əliyev, Maşallah Əhmədov, Mehman Allahverdiyev kimi usta futbolçular çıxıb. İndi məşqçilərin üzərinə düşən onların layiqli davamçılarını yetişdirməkdir.