• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1353
— 07.04.2022 12:16

Müdafiə naziri yeni hərbi infrastrukturlara baxış keçirib

KepezTV Player

Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu istiqamətdə müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində yeni inşa edilmiş inzibati binada yaradılan şərait, həmçinin təlim sahəsində görülən işlərlə tanış olub. Məruzə olunub ki, müxtəlif qoşun növləri bölmələrinin təyinatı nəzərə alınmaqla real döyüş şəraitinə uyğunlaşdırılan mərkəzdə təlimlərə cəlb ediləcək hərbi qulluqçuların döyüş hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə lazımi infrastruktur yaradılıb.

Sonra nazirliyin rəhbər heyəti Kəlbəcər rayonunda yerləşən hərbi hissədə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, hərbi hissədə şəxsi heyətin nümunəvi xidmət etməsi üçün müvafiq imkanlar yaradılıb. Daha sonra Zakir Həsənov hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib. Burada hərbi qulluqçulara atəş və dağ hazırlığı, eləcə də müxtəlif maneələrdən keçid və digər fəaliyyətlərin aparılması öyrədilir.