• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 03.04.2022 18:01

Gecə klubunda partlayış: ölən və yaralananlar var

KepezTV Player

Bakıda gecə saat 3 radələrində "Torqovi" kimi tanınan ərazidə yerləşən gecə klubunda baş verən partlayışın təfərrüatları açıqlanıb. Belə ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayışda obyektin əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova dünyasını dəyişib.37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır, 12-sinin orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir. Yaralananların bəzilərinin şəxsiyyətləri məlum olub. Ayxan Fətullazadə, Aslan Quliyev, Rauf Cəfərov, Rufanə Əsədzadə, Ramil Məhərrəmov, Sultanə Əliyeva, Tural Əbdülrəhmanlı, Kamran Qurbanov, Fəridə Bağırova, Fərqanə Eynullayeva, Gülbala Abdullayev, Ləman Ələkbərova, Samira Mahmudlu, Fidan Hüseynova Xəstəxanaya yerləşdiriliblər. TƏBİB-dən verilən məlumata görə, İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına göndərilib, vəziyyəti stabildir. Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb. Fövqəladə Hallar Nazirliyi qüvvələrinin həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatı isə başa çatıb.Faktla bağlı cinayət işi başlanıb. Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb. İlkin ehtimala görə, partlayış binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verib.***
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov partlayışla əlaqədar həmin obyektə gəlib. Hadisənin səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.