• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2013
— 25.03.2022 20:00

Göygöl beynəlxalq turnirə ev sahibliyi edib

KepezTV Player

Göygöldə 18 yaşadək cüdoçular arasında beynəlxalq turnir keçirilib. Əməkdar məşqçi Ariz Ələkbərovun xatirəsinə həsr olunan yarışda 8 ölkənin tatami ustaları gücünü sınayıb.

Yerli Olimpiya İdman Komleksində təşkil edilən turnirin açılış mərasimində Cüdo Federasiyasının nümayəndələri, Türkiyənin Gəncədəki Baş Konsulu və digər rəsmi şəxslər iştirak ediblər. Bildirilib ki, belə beynəlxalq səviyyəli yarışların keçirilməsi ölkələr arasında yeni əlaqələrin qurulmasına və cüdonun inkişafına xidmət edir. Həmçinin, pandemiya səbəbindən uzun aradan sonra kütləvi turnirlərin yenidən təşkil edilməsinin sevindici hal olduğu vurğulanıb. Rəsmi hissənin ardından bədii hissədə rəqs qrupları milli musiqi sədaları altında bacarıqlarını nümayiş etdiriblər. Bundan başqa nağara çalanlardan ibarət dəstə öz məharətlərini göstəriblər. Açılışdan sonra mübarizələr başlayıb. Həm qız, həm də oğlan kimano sahiblərinin qatıldığı beynəlxalq turnirdə ümumilikdə 500-ə yaxın cüdoçu qalib olmaq üçün yarışıb.

Göygöl-2022 beynəlxalq cüdo turnirinə Azərbaycanın müxtəlif regionlarından olan 400-ə yaxın yerli idmançıyla yanaşı, 7 ölkəni - Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Sloveniya, Polşa və Gürcüstanı təmsil edən 100-dən çox tatami ustası qatılıb. 16 çəki dərəcəsində güclülərin müəyyənləşdiyi yarışda ədaləti beynəlxalq dərəcəli hakimlər təmin ediblər. Sonda ilk üç pillədə qərarlaşan cüdoçular medal, diplom və hədiyyələrlə, qalib gələn komandalar isə kubokla mükafatdırılıblar.

Yarışdan sonra 8 ölkəni təmsil edən gənc cüdoçular Göygöl Olimpiya İdman Kompleksində təşkil olunacaq 3 günlük təlim-məşq toplantısına qatılacaqlar. Birgə hazırlıq keçəcək komandalar məşqlərdən faydalanmaqla, ustalıq və bacarıqlarını artırmağa çalışacaqlar.