• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2245
— 17.03.2022 20:35

Kəhrizlərin qurulması, tədqiqi və mütəxəssis hazırlığı müzakirə edilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən Kəhriz İnformasiya Tədqiqat Mərkəzində "Kəhrizlərin qurulması, tədqiqi və mütəxəssis hazırlığı" mövzusunda regional konfrans keçirilib. Konfransda BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan üzrə missiya rəhbəri Vladimir Gyorqiyev, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin direktoru Park Kumok, su təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri və universitetin professor-müəllim və tələbə heyəti iştirak edib. Çıxışlarda qeyd olunub ki, Mərkəz kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, kəhrizlər haqqında məlumatların, bilik və təcrübələrin paylaşılması üçün vacib bir məkandır. Tərəfdaşlıq çərçivəsində ADAU-nun müəllimləri kəhriz mühəndisliyi üzrə təlimçi kurslarında iştirak edib, Naxçıvanda kəhrizlərin bərpası və onlara texniki qulluğun öyrənməsi istiqamətində təcrübi biliklər əldə ediblər. Meliorasiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə "Kəhriz sistemləri" fənninin tədris olunması da, layihə çərçivəsində görülən işlərdəndir.

Vladimir Qyorqiyev BMqT-nin Azərbaycandakı nümayəndəsi: Gəncədə yerləşən Aqrar Universitet ilə birlikdə vacib bir layihəni həyata keçirmişik. Biz  yaradılan bu mərkəzin imkanlarından istifadə edərək gələcəkdə yeni bir laboratoriyanın istifadəyə verilməsi haqqında müzakirələr apardıq. Yeni yaradılacaq laboratoriya suyun kimyəvi tərkibinin müəyyən olunması, keyfiyyət göstəriciləri və sahə üzrə təhsil alan tələbələrin potensialının artırılması baxımından önəm daşıyacaq.

Mirnaib Mirsalahov layihə rəhbəri: Konfransda layihənin mahiyyəti, həyata keçirilməsinin metodu, vaxtları, ayrı-ayrı görülən işlər haqqında hesabat xarakterli söhbətlər oldu. Ümumiyyətlə dünyada şirin su çatışmazlığı probleminin həllində kəhrizin çox böyük əhəmiyyətinin olduğu qeyd olundu.