• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2044
— 17.03.2022 13:25

Prezident Avropada birinci olan güləşçilərimizi qəbul edib

KepezTV Player

Qarşıya bütün bölgələrdə mövcud idman infrastrukturundan istifadə etmək tapşırığı qoyulub

Milli idman növümüz olan güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. İdman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüşdə belə deyib. Son vaxtlar Güləş Federasiyasında gedən proseslərin narahatlıq doğurduğunu xatırladan dövlət başçısı federasiya rəhbərliyinin dəyişdirilməsinin zəruriliyinə diqqət çəkib və əminliyini ifadə edib ki, qurum artıq buraxılmış bütün nöqsanları aradan qaldıracaq, idmançılara lazımi şərait yaradacaq.

Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu da təbiidir, çünki hazırlıq işlərinin qurulması, iqtisadi baza önəmli rol oynayır. Azərbaycan nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındadır. Dövlət başçısı diqqətə çatdırıb ki, gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etməkdir. Regionlarda bir çox yerlərdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır. Güləşin perspektivlərini müsbət qiymətləndirən Prezident İlham Əliyev növbəti illərdə həm Olimpiya Oyunlarında, həm də dünya çempionatlarında uğurlarımızın kifayət qədər olacağına əminliyini ifadə edib.

"Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır"

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Bir məsələyə də toxunmaq istərdim. Bu gün siz qalib gəlmiş ölkəni təmsil edirsiniz. Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək. Hər halda, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Mən bunu bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun. Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.

"Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik"

“Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz”, - deyən dövlət başçısı təkcə Azərbaycan vətəndaşlarının yox, bütün dünya azərbaycanlılarının bu gün özlərini əmin hiss etdiklərini vurğulayıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Siz də beynəlxalq yarışlarda əlbəttə ki, müxtəlif ölkələrdə olursunuz. Əminəm, bəlkə də siz gənclər yox, - çünki siz təzə-təzə beynəlxalq yarışlarda iştirak etməyə başlamısınız, - amma böyüklər, məşqçilər, idman mütəxəssisləri mütləq görür ki, Azərbaycana münasibət nə dərəcədə dəyişmişdir. Çünki biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik. Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq. Halbuki xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi. Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında alacağıq. Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb. Məhz buna görə düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər. Mən bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki indi dünyada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, gedəcək. Bu gedən müharibələrə diqqət yetirsək hesab edirəm ki, həm Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür. Əlbəttə ki, idmançılarımız üçün bu, əlavə bir stimuldur. Çünki biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq.

Prezident İlham Əliyev azad edilmiş ərazilərdə idmanın inkişafından da danışıb. Qeyd edib ki, stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır. İndidən federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim etməlidir.