• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1885
— 09.03.2022 20:11

Məhəlləyə yeni qaz xətti çəkilir

KepezTV Player

Dövlət başçısının tapşırığına uyğun olaraq regionların qazlaşdırılması istiqamətində görülən işlər davam etdirilir. Ölkənin ikinci ən böyük şəhəri Gəncədə də bu işlər prioritetlər sırasındadır. Belə ki, yeni salınmış qəsəbələrin qaz təchizatının yaxşılaşdırılması və yeni xətlərin quraşdırılması işləri mərhələli olaraq həyata keçirilir.

Gəncənin yeni salınan Niyazi adlanan yaşayış massivində qaz xəttinin çəkilməsinə cari ilin yanvar ayından başlanılıb. Azəriqaz İstehsalat Birliyinin təmir-tikinti idarəsinin iki briqadası 10 ilə yaxındır həmin ərazidə məskunlaşan sakinləri həsrətinə son qoymaq üçün çalışır

Ərazidə yaşayanlar istiliyi təmin etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bu da maddi baxımdan onlara əlavə xərclər yaradır. Odun yandırmaqla və elektrik enerjisindən istifadə etməklə istiliyi təmin etməyə çalışan, illər əvvəl ərazidən torpaq sahəsi alıb, ev tikdirənlər qaz həsrətinin bitəcəyi günü səbrsizliklə gözləyirlər.

Layihəyə əsasən ərazidə yerləşən 110 yaşayış evinin mavi yanacaqla təmin olunması planlaşdırılır. Hər mənzilə fərdi tənzimləyici və sayğac quraşdırılacaq. Bu da baş verə biləcək hadisələrin qarşısının alınması üçün önəm daşıyır.

Qaz şəbəkəsi birpilləli tənzimləmə sistemi ilə qurulur. Bu da hər bir abonentin qaz tənzimləyicilərindən istifadə etməsinə, istehlakçılara ötürülən mavi yanacağın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq.

Valeh Anaroğlu