• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 696
— 18.02.2022 12:11

3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb

KepezTV Player

Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən gün təxminən saat 17:17 radələrində Sumqayıt şəhəri Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu “Mercedes” markalı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Həmzə Əliyev ölüblər. Qəzada həyatını itirən şəxslər həmin gün Qusar rayonunda dəm qazından zəhərlənərək ölən 5 nəfərdən ibarət ailənin yaxın qohumlarıdır və məlum səbəbə görə rayon istiqamətində tələsik yola düşüblər. İlkin ehtimala görə, avtomobil yüksək sürətlə idarə edilib, eyni zamanda yol örtüyünün həmin hissəsi nahamar olduğundan sürücü idarəetməni itirib və qəzanın qarşısını almaq mümkün olmayıb. Onların heç biri təhlükəsizlik kəmərini bağlamayıb və hadisə nəticəsində avtomobildən kənara atılıblar.