• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 11.02.2022 20:40

İstifadəyə verilən 22-ci “ASAN Xidmət” Mərkəzi

KepezTV Player

Gəncədə sayca 2-ci Regional "ASAN Xidmət" mərkəzi vətəndaşların ixtiyarına verilib. Təklif olunan xidmətlər digər mərkəzdəkindən fərqlənməsə də işçi heyətin əksəriyyətinin şəhid ailələrinin üzvləri və qazilərdən ibarət olması xüsusi qeyd edilməli amildir.

2 saylı Gəncə regional  “ASAN xidmət” mərkəzi ölkə üzrə 22-cidir. Əhatə dairəsi əsasən qərb bölgəsində 1 milyona yaxın vətəndaş olsa da xidmətlərin göstərilmsində ərazi məhdudiyyəti yoxdur.

Xalidə Hüseynova sakin: Mən bu gün gəlmişdim "ASAN Xidmət"ə. Daşınmaz əmlak sənədimizlə bağlı.Gəldim asanlıqla götürdüm. Çox sağ olsunlar. Prezidentimiz sağ olsun. ASAN Xidmət əməkdaşları sağ olsun. Hamısından razı qaldıq, 5 dəqiqə ərzində sənədimizi götürə bildik.

Namiq Qasımov sakin: Gəlmişdim öz problemlərimi həll etməyə ev məsələsi ilə bağlı. Problemlər hamısı düzəldi, həll olundu. Çox razıyıq 2-ci ASAN Xidmət mərkəzinin açılmağına görə. Allah xeyir versin.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçirilir. Burada işçilərin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailələrinin üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.

Rauf Allahyarov "ASAN Xidmət"in qazi əməkdaşı: İşlə təmin olunmağımla bağlı müraciət etmişdim. Sağ olsunlar, dövlət tərəfindən qayğı və diqqət, şəhid ailələrinə və qazilərimizə göstərdikləri üçün işlə təmin olunduq. Vətəndaşlara xidmət göstəririk hazırda, nəzarətçi vəzifəsinə təyin olunmuşam.

Şirxan Budaqov "ASAN Xidmət"in qazi əməkdaşı: Vətən müharibəsinin iştirakçısıyam. ASAN Xidmətə müraciət etdim, və işə qəbul olundum.Burdada ASAN Xidmət mərkəzində də vətəndaşlara xidmət edirik, bununla qürur duyuruq.

2 saylı regional Gəncə ASAN Xidmət Mərkəzinin divarlarına, eyni zamanda masa üzərlərinə yerləşdirilmiş tablolardakı QR kodları oxudaraq asan.gov.az saytına keçid etməklə  "ASAN xidmət" və  "ASAN Kommunal" mərkəzlərinin, yashat.gov.az portalına keçid vasitəsi ilə isə "YAŞAT" Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkün olacaq.

Valeh Anaroğlu