• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 869
— 10.02.2022 19:20

Eyni gündə doğulan şəhidlərimiz

KepezTV Player

Fevralın 10-nu Müddətdən Artıq Hərbi Qulluqçu kimi  Vətən müharibəsində döyüşən iki qəhrəman, igid oğlun ad günüdür. Onlar bir-birilərindən xəbərsiz Göygölün Topalhəsənli kəndindən müharibəyə yollandılar. İşğal altındakı torpaqları qaytarsalar da özləri şəhid olaraq doğulub boya-başa çatdıqları kəndə qayıtdılar.

36 yaşlı Samir Məmmədov ailədə 7 övladdan biri olub. Uşaqlıqdan hərbiyə olan böyük həvəsi xidməti başa vurduqdan sonra baş çavuş silahlı qüvvələrdə qalmasını şərtləndirir. Böyük qardaşı İsabala Məmmədovun da hərbiçi olması Samiri bu sahəyə daha da bağlayır. Aprel döyüşlərində qardaşı İsabala tankçı, Samir isə topçu kimi ermənilərə qarşı qəhrəmancasına vuruşub. Samir vətən müharibəsi başlıyanda da silaha sarılaraq döyüşlərə atılıb. Topçu kimi ermənilərin canlı qüvvəsi və texnikalarını məhv edib. Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Samirin əmisi Şahbaz Məmmədov və 2  əmisi oğlu da birinci Qarabağ müharibəsində şəhid olublar. Hazırda isə bir qardaşı Laçında hərbi xidmətdədir. Bu nəslin nümayəndələri Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda vuruşaraq canlarını vətən üçün əsirgəmiyiblər.

Göygölün digər şəhid isə rayonun Topalhəsənli kəndindən Mikayıl İsgəndərovdur. 25 yaşı qeyd edilən Mikayıl ailədə son beşik olub. O da hərbi xidməti başa vurduqdan sonra kiçik çavuş kimi xidmətini davam etdirib. Vətən müharibəsində ermənilərin xeyli sayda canlı qüvvəsi və texnikalarını məhv edib. Oktyabırın 2-də şəhid olan Mikayıl İsgəndərovun nəşi 2 həftə sonra tapılaraq ailəsinə təhvil verilib.

Ölümündən sonra Vətən uğrunda, Şücaətə görə və Kəlbəcərin azadlığı uğrunda medalları ilə təltif edilən Mikayıl İsgəndərovun arzuları çin oldu. Artıq Qarabağımız azaddır.

Hər iki ailə şəhidlərin doğum gününü qeyd ediblər. Samir Məmmədov və Mikayıl İsgəndərovun timsalında bütün şəhidlərimiz bizim Vətən həsrətimizə son qoydu. Və bu azdlığa görə məhz onlara, yarıcan olan qazilərə və qəhrəman övladlara borcluyuq.

 

Elnur Vahidoğlu