• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 08.02.2022 20:10

Park və istirahət guşələri daha da gözəlləşəcək

KepezTV Player

Rəngarəng gül kolları, müxtəlif növ həmişəyaşıl dekorativ ağaclar. Gəncənin bütün park və xiyabanları, istirahət güşələri bu gözəlliklərlə daha da gözoxşayan olacaq. Bir neçə gündən sonra gül-çiçək və ağacların kütləvi şəkildə  əkininə başlanılacaq.

Gəncənin park və xiyabanlarına, istirahət guşələrinə əkiləcək müxtəlif növ ağac və gül kolları Şəhər Yaşıllaşdırma İdarəsinin Gülçülük sahəsinin 14 ha ərazisində becərilir. Burada 8 istixanada  fərqli növdə qızılgüllər, çobanyastığı, bənövşə, habelə ətirşah, novruzçiçəyi kimi güllər yetişdirilir. Bağçılıq təsərrüfatının açıq sahəsində isə çinar, sərv, Eldar şamı, tuya və digər ağaclara rast gəlmək olar. Gülçülük sahəsinin fəaliyyəti son illərdə daha da genişləndirilib. Əvvəllər şəhərin yaşıllıq sahələrini bəzəyən dekorativ bitkilər xaricdən gətirilirdisə, indi buna ehtiyac qalmayıb.

Bitkilərə lazımi qaydada qulluq göstərilməsi üçün gülçülük sahəsində 2 ədəd 50 tonluq su çəni, böyük hovuz və yardımçı tikililər də mövcuddur. Burada becərilən gül və çiçəklər, eləcə də ağaclara mütəxəsislər tərəfindən xüsusi qulluq göstərilir. Onlara vaxtlı-vaxtında gübrə verilməsi, suvarılması, eyni temperaturda saxlanmasına diqqət edilir. Burada ümumilikdə 25 növ gül-çiçək və 15 növ ağac yetişdirilir. Həmin yaşıllıqlar isə təyin olunan vaxtlarda şəhərin park və xiyabanlarına əkilir.

Fevralın 10-dan başlayaraq gülçülük sahəsinin işçiləri tərəfindən ilkin olaraq Gəncənin park və istirahət guşələrinə 10 minə yaxın mövsümi gül-çiçək, eləcə də 3 minə yaxın həmişəyaşıl ağacın əkilməsi nəzərdə tutulur. Daha sonra mərhələli şəkildə təyin olunan digər sahələrdə də yaşıllıqlar salınacaq.

 

Elnur Vahidoğlu