• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1902
— 04.02.2022 19:29

"Oğuz elinin qəhrəmanı" filminin təqdimatı olub

KepezTV Player

2010-cu ildən başlayaraq Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin sifarişi ilə "Salnamə" Studiyasında Azərbaycanın Milli Qəhrəmanları silsiləsindən sənədli filmlər çəkilir. Bu filmlər Qarabağ müharibəsində qəhmanlıq göstərmiş və Milli Qəhrəman adı verilmiş Vətən övladları haqqındadır. Növbəti belə bir ekran əsəri Milli Qəhrəmanımız Rafiq Alıcanov haqqında hazırlanıb. Filmin Tovuzda təqdimat mərasimi baş tutub.

Milli Qəhrəman Rafiq Alıcanov haqqında "Oğuz elinin qəhrəmanı" sənədli filmi çəkilib. Sənədli film Tovuz Mədəniyyət Mərkəzində ictimaiyyət nümayəndələrinə təqdim olunub. Ssenari müəllifi və rejissoru Kamalə Musazadə olan "Oğuz elinin qəhrəmanı" sənədli filmi ilk dəfə “EL” Televiziyasında yayımlanıb.

Rafiq Alıcanov 1965-ci il iyulun 11-də Qazax rayonunun Kəmərli kəndində doğulub. Kalininqradın Ali Hərbi məktəbində peşəkar hərbi təhsil alaraq mühəndis istehkamçı ixtisasına yiyələnib. Bir müddət Ukrayna respublikasında çalışıb və Qarabağ müharibəsi başlayanda Azərbaycana gələrək müdafiə Nazirliyinin bütün cəbhə boyu mühəndis-istehkam qərargahının rəisi vəzifəsində fəaliyyət göstərib. Milli Qəhrəmanımızın qatıldığı son döyüşü Füzulinin Kürd-Mahmudlu kəndi istiqamətində olub. O, yaralandıqdan sonra huşunu itirmiş vəziyyətdə ermənilər tərəfindən əsir götürülüb. 1993-cü il noyabrın 5-də qəhrəmancasına şəhid olub. Onun bütün qəhrəmanlıqları çəkilişlərinə 2020-ci ilin sentyabrında başlanılan"Oğuz elinin qəhrəmanı" sənədli filmində öz əksini tapıb. Film izləyicilər tərəfindən maraqla qarşılanıb.

Hazırda "Salnamə" Studiyası Vətən Müharibəsinin Qəhrəmanları haqqında film çəkilişlərini davam etdirir. Bu vaxtadək vətən fədailəri haqqında 100-dən çox sənədli film hazırlanıb.