• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1880
— 31.01.2022 20:13

Prezidentin Gəncə səfəri

KepezTV Player

Əməkdaşlarımız dövlət başçısının Gəncədə açılışını etdiyi, tikintisi ilə tanış olduğu və təməlini atdığı məkanlarda olaraq geniş videomaterial hazırlayıblar. Gətiririk ekrana.

Dövlət başçısının Gəncə şəhərinə növbəti səfəri bir daha sakinlərin sevincinə səbəb oldu. Xüsusilə də teatrsevər şəhər sakinlərinin. Prezident İlham Əliyevin Gəncə Dövlət Dram Teatrının yeni binasının Gəncə ictimaiyyətinə hədiyyəsi şəhər mədəniyyətinə verilən dəyərin böyük göstəricisidir. Teatr binasında 2 tamaşaçı zalı, tamaşaların nümayişi üçün müasir texniki şərait yaradılıb.

Gəncə lokomotiv deposunun açılışını da edən Prezident İlham Əliyev regionlarda məşğulluğun təmin edilməsi istiqamətində növbəti strateji addım atıb. Belə ki,yeni depoda dəyişən cərəyanla işləyən elektrovozların texniki xidməti və təmiri işləri həyata keçiriləcək.Yeni depoda 75 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Gəncə lokomotiv deposunun istismarı enerji resurslarına qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və fasiləsiz daşımaların təmin olunmasına imkan yaradacaq.

Müharibə həqiqətlərinin dünyaya çatdırılması baxımından böyük qətiyyət nümayiş etdirən Müzəffər Ali Baş Komandan Gəncə Memorial Kompleksinin təməlini qoydu. Münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması nəticəsində yararsız vəziyyətə düşən ərazidə Memorial Abidə Kompleksinin yaradılması erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm önəm daşıyacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə səfəri zamanı İdman Sarayının tikintisi ilə də tanış olub. Tikintisi davam edən ikimərtəbəli binada böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq şahmat turnirlərinin keçirilməsi üçün zal, şahmat, güləş, boks və digər idman növləri üzrə məktəblər, boulinq və atıcılıq zalları, istirahət və iaşə obyektləri fəaliyyət göstərəcək. İdman sarayı ən müasir avadanlıqla təchiz olunacaq.

Ölkə üzrə sayca 20-ci olan 2 saylı Gəncə ASAN Xidmət Mərkəzinin də açılışını edən dövlət başçısına bildirildi ki, mərkəzdə əməkdaşların sayı 208, könüllülərin sayı 85 nəfər nəzərdə tutulur. "ASAN xidmət" Mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.

Prezidentin Gəncəyə göstərdiyi diqqət və qayğını hər bir Gəncə sakini çox minnətdarlıqla qarşılayır. Gəncə şəhərinin adı artıq Avropa şəhərləri ilə eyni sırada çəkilir. Azərbaycanın ikinci böyük şəhəri bundan sonra da Ali Baş Komandanın dəstəyi və tövsiyələri ilə günü-gündən inkişaf edəcək və ən nümunəvi, gözəl bir şəhərə çevriləcək.

Valeh Anaroğlu