• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1583
— 26.01.2022 20:10

Sosial sahibkarlıq - gəlir və fayda

KepezTV Player

Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyətdir. Bəzən altruistik biznes kimi də adlandırılan bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək ümumi maraqlara xidmət edir. Sosial sahibkarlar isə maddi fayda və mənfəəti ikinci plana alaraq, əsas hədəf kimi sosial problemlərin həllini seçirlər.

Bu modelin cazibəsi kapitalist sistemin bütün “müsbət xüsusiyyətləri”nin cəmiyyətin faydası istiqamətində istifadə edilməsi fikrində yatır. Bu baxımdan sosial sahibkarlıq “mənfəət” və “ictimai fayda” anlayışlarını, ictimai ideallarla idarəetmə bacarıqlarını eyni halqada birləşdirən anlayışdır.

Ənənəvi yanaşmaya görə cəmiyyətə faydalı fəaliyyətləri adətən dövlət və ya ictimai təşkilatlar həyata keçirir. Ayrı-ayrı bizneslər isə bu cür faydalı işləri özlərinin korporativ sosial məsuliyyət kampaniyaları çərçivəsində reallaşdırırlar. Sosial sahibkarlıq bu iki yanaşma arasında yer alan bir modeldir.

Bu gün xeyriyyəçilik və ictimai təşkilatların fəaliyyətlərinin cəmiyyətə verdiyi faydalar inkarolunmazdır. Lakin, qeyd edilməlidir ki, bu sahədə sosial sahibkarlar daha dayanıqlı və qalıcı həllər hədəfləyirlər. Həm sərbəst bazar qaydalarına əsasən çalışan, həm də ictimai faydanı hədəf alan sosial sahibkarlar yenilikçi yanaşmaları ilə gündən-günə daha çox insana ilham olaraq artan marağa səbəb olur.

Valeh Anaroğlu