• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 696
— 23.01.2022 20:00

Fermerlərin üzləşdikləri problem

KepezTV Player

Azərbaycanda tərəvəzçilik biznesi və çoxsaylı istixanaları olan Şəmkirdə bu sahədə ciddi problemlər yaranıb. İndiyədək istixana sahibi olanların bir qismi bisneslərini dondurmaq niyyətindədirlər. Yox, qış fəslinin və soyuqların burada heç bir rolu yoxdur. Səbəb qazancın əldə edilə bilməməsidir. Niyə? Suala Valeh Anaroğlu cavab tapmağa çalışıb.

Şəmkirdə rəsmi rəqəmlərə görə 3-3,5 min hektar, qeyri-rəsmi olaraq isə – yəni həyətyanı sahələrdə salınan xırda təsərrüfatları da nəzərə alanda – təqribən 5 min hektar istixana var. Son dövrlərədək işləri xod gedən istixana sahibləri barədə indi belə demək çətindir. Daha doğrusu satışla bağlı yaranan çətinliklər narazılığına səbəb olan məsələlərdəndir.

Tovuz rayonunda fəaliyyət göstərən istixana sahibləri də Şəmkirdən olan həmkarları ilə eyni aqibətlə üzləşiblər. Daxili bazarda satışın aşağı qiymətə olması, məhsulun istehsal xərclərinin çox olması səbəbindən bir çox fermerlər külli miqdarda vəsait itiriblər. Bu da istehsala stimulun yaranmasında ən böyük maneədir.

Ekspertlər yaranan mənzərə fərqli təsirləri əsas gətirir. Burada təsərrüfatların iri və xırda olması, istehsalın da ona adekvatlığı mühüt amil olaraq qabardılır. Yəni iri fermer təsərrüfatları xırda sahibkarlıq subyektlərindən fərqli olaraq daha az problemlərə üzləşib.

Alternativ bazar imkanlarını da qiymətləndirən kənd təsərrüfatı mütəxəssisi bildirir ki, regionda fəaliyyət göstərən laboratoriyalar yerli fermerlərin dünya bazarına məhsul çıxara bilməyinə köməklik göstərə biləcək səviyyədə deyil. Akkreditasiya məsələsi bu məqamda gündəmə gəlir.

İstixana sahiblərinin rastlaşdığı problemlərin bir qismi KOBİA tərəfindən həll olunur. Xüsusilə qida təhlükəsizliyi, hüquqi yardımın göstərilməsi, lizinqlərlə təmin olunma ilə bağlı müraciətlərin lazımi qurumlara yönləndirilməsi sahibkarlara göstərilən dəstək tədbirlərindəndir.

Lakin bütün bunların fonunda yaşanan mənzərə fərqlidir. istixana quraraq özünün, ailəsinin və yüzlərlə sakinin məşğulluğunu təmin edən istixanalar bu gün kütləvi olaraq fəaliyyətini dayandırır. Problemin həlli istiqamətində zəruri addımlar atılmasa qarşıdan gələn mövsüm tərəvəz məhsullarının qiyməti "əl yandıracaq".

 

Valeh Anaroğlu