• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 22.01.2022 20:58

15 ildən sonra gələn nəticə

KepezTV Player

Pandemiyadan sonra ilk dəfə boks üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Yarışda Nizami yurdunun idmançısı uğurlu çıxış edərək uzun illərdən sonra Gəncə komandasına qızıl medal qazandırıb.

Bakıda təşkil edilən Azərbaycan çempionatı ölkənin 1-ci nömrələrini təyin etmək baxımından əsas yarış hesab olunur. Çempionata Gəncə komandası 13 dəri əlcək ustası ilə qatılıb. Bu boksçulardan 2-si mükafatçılar sırasına düşə bilib. Albert Qəribovun yetirmələrindən 86 kq-da Heydər Məmmədov  bürünc medala yiyələnib. Ən parlaq çıxışı isə 71 kq çəkidə vuruşan Niyaməddin Allahverdiyev edib. O, bütün rəqiblərini üstələyərək yarışın qalibi adını qazanıb.

Bu nəticə ilə Niyaməddin Allahverdiyev uzun illər sonra Gəncə komandasına qızıl medal qazandırıb. Son olaraq Şahlar Nağıyev 2007-ci ildə Gəncəni təmsil edərək bu ünvana yiyələnmişdi. Niyaməddinin bu uğuru onun çalışdırıcısı,  əməkdar məşqçi Albert Qəribovu da sevindirib.

Azərbaycan çempionatında 67 kq-da qızıl medala yiyələnən digər gəncəli boksçu isə Nəbi İsgəndərov olub. Nəbi Gəncədə Turqay Əliyevin məşq bölməsinin yetirməsi olsa da, bu yarışda Neftçi klubunun adından döyüşüb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nəbi İsgəndərovun şəxsi məşqçisi yetirməsindən bu uğuru çoxdan gözlədiyini, ancaq müəyyən səbəblərdən bunun gecikdiyini dilə gətirib.

Qarşıda Niyaməddin Allahverdiyev və Nəbi İsgəndərovu daha məsuliyyətli və ciddi sınaqlar gözləyir. Bu yarışlar arasında may ayında Ermənistanın paytaxtı İrəvanda keçiriləcək böyüklər arasında Avropa çempionatı da var. Amma hələlik yığmamızın bu turnirdə iştirakı ilə bağlı qərar verilməyib.