• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 12.01.2022 20:30

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

KepezTV Player

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

“Bu yaxınlarda artıq ilin yekunları mənə təqdim edildi və nəticələr də gözlənilən kimidir. İqtisadi artım 5 faizdən çoxdur. Çox gözəl göstəricidir. Xüsusilə, müharibədən çıxmış ölkə üçün”. Ötən ilin iqtisadi mənzərəsinə toxunan ölkə başçısı,qeyri-neft iqtisadiyyatımızın 7,2 faiz artdığını da deyib.

Xarici ticarət balansının saldosunu müsbət dəyərləndirən prezident,dünyanın əksər ölkələrində idxalın ixracı üstələdiyi halda, ölkəmizdə ixracın idxalı üstələdiyini diqqətə çatdırıb.Ermənistanda revanşist meyillərin olmasına toxunan ölkə başçısı bunun təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verdiyini bildirib. Çünki biz görürük ki, birincisi, dediyim kimi, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar və bir neçə dəfə belə cəhd edilmişdir - həm noyabr ayında, ondan əvvəl, dünən və istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək. Təbii ki, Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Onu biz 44 gün ərzində göstərmişik. Ona görə belə meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır. Ona görə belə meyillər davam edəcək. Bu, birincisi.

İkincisi, onu da biz unutmamalıyıq ki, indiki hakimiyyət əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. Axı “Qarabağ Ermənistandır və nöqtə” deyən indiki hakimiyyətin təmsilçisidir, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən indiki hakimiyyətin təmsilçisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni, indi biz indiki hakimiyyətin davranışına baxmamalıyıq, özümüzü aldatmamalıyıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət dırnaqarası qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik. İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıyıq və dırnaqarası “Dağlıq Qarabağ respublikası” danışıqlar masasında olmalıdır. Yəni Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə yenə də deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır. Onlar bizi yenə də sınağa çəkmək istəyirlər. Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək..

Jurnalistlərin bu il məmur özbaşnalığı və korrupsiya ilə bağlı hansı islahatların aparılmasını nəzərdə tutursunuz sualını cavablandıran ölkə başçısı, bu sahədə mübarizənin davam etdiriləcəyini vurğulayıb.

Bu il bu sahədə mübarizə davam etdiriləcək. Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq.

Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır.

Bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir.

Hesab edirəm ki, vacib amillərdən biri də korrupsiya üçün meydanı daraltmaqdır. Burada da əlbəttə ki, institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Bunu sadə sözlə desəm - bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. O da bizim təşəbbüsümüz idi. Bizə qədər bu cür, bu miqyasda və bu əhatədə oxşar bir xidmət sahəsi olmamışdı. Bunu da biz etmişik və bacarmışıq. Ona görə “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir, bəlkə də çox. Mən təəccüb edirəm, nə üçün 100 faiz deyil. Çünki orada tam şəffaf mənzərə mövcuddur. Ona görə bütün sahələrdə – iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da, yəni haradakı korrupsiya imkanları var, minimuma endirilməlidir. Belə olan halda uğurlar daha da təsirli olacaq. Ancaq hesab edirəm ki, bizim siyasi iradəmiz artıq hər kəsə bəllidir. Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin.