• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 05.01.2022 19:50

Qaz sayğaclarının sıfırlanması hansı tarixədək davam edəcək?

KepezTV Player

Tarif Şurasının müvafiq qərarı ilə hər il yanvarın 1-də qaz sərfiyyatı ilə bağlı limit yenilənir. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə smart tipli sayğaclar avtomatik olaraq sıfırlanıb. Bəs mexaniki-elektron qaz sayğacları ilə bağlı vəziyyət necədir? Vətəndaşlar bununla bağlı harasa müraciət etməlidirlərmi? Əməkdaşımız Valeh Anaroğlunun hazırladığı videomaterialda bu məsələlərə aydınlıq gətirilir.

Smart tipli sayğaclardan fərqli olaraq, mexaniki sayğaclar avtomatik sıfırlanmadığından yanvarın 1-dən güzəştli limitə keçilməyib. Ayın ilk dörd günü bayram günləri olduğundan qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvarın 10-u tarixinədək davam edəcək. Lakin sözügedən məsələ abunəçilər tərəfindən birmənalı qarşılanmayıb.

"Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, abonentlərin narahatlığına heç bir əsas yoxdur. Belə ki, mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabat hər il yanvarın ilk ongünlüyündə aparılır. Göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür. Həmin gündən etibarən yeni il üzrə güzəştli limit həddindən istifadə başlayır. Sayğac göstəricisinin daha tez qeydə alınmasını istəyən vətəndaşlar isə həmin göstəricinin aydın görünən foto şəklini çəkərək qurumun (077) 310 41 04 "Whatsapp" nömrəsinə göndərə bilərlər. Bir şərtlə ki, mobil telefonla çəkilən fotoşəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq.

Vətəndaşın sayğacı hansı tarixdə sıfırlanıbsa, illik oxunuş gələn ilin həmin tarixinə qədər davam edəcək. Hal-hazırda 85181 abonentə xidmət göstərən Gəncə Regional Qaz İstismarı İdarəsinin 70 əməkdaşı sayğacların oxunması prosesini həyata keçirmək üçün fəaliyyətlərini davam etdirirlər.

Xatırladaq ki, sayğaclar sıfırlandıqdan sonra;

1200 kubmetrə qədər istehlak olunan mavi yanacağa görə 12 qəpik,

1200 kubmetrdən 2500 kubmetrə qədər istifadə olunan qaza görə 20 qəpik,

2500 kubmetrdən yuxarı isə hər kubmetr qaz üçün 25 qəpik ödəniş olunur.

 

Valeh Anaroğlu