• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1617
— 31.12.2021 20:38

2021-ci il Gəncə idmanı üçün tikinti-quruculuq dövrü oldu

KepezTV Player

2021-ci il idman sahəsində bir sıra yeniliklər və nailiyyətlərlə yadda qaldı. Ölkənin ikinci böyük şəhərində yola saldığımız ildə  bu sahənin inkişafı istiqamətində vacib addımlar atılıb. Orxan Cəfərzadənin sujetini izləyək.

2021-ci ildə ötən ildən fərqli pandemiya ilə əlaqədar idman sahəsinə tətbiq edilən bir çox qadağalar aradan qalxdı. İlin əvvəlindən etibarən əvvəlcə zallarda məşqlərin keçirilməsinə icazə verildi, daha sonra isə yarışların təşkil edilməsi qadağası öncə açıq havada, ardınca zallarda götürüldü. Millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Müşviq Cəfərov ötən idman ilini dəyərləndirərkən koronavisursla bağlı müəyyən qadağaların aradan qaldırılmasını vacib hesab edir.

2021-ci ili Gəncə idmanı üçün daha çox tikinti-quruculuq işləri ilə xarakterizə etmək olar. Bu mənada iki böyük idmanı qurğusunun inşasını vurğulamaq yerinə düşər. Hazırda Gəncə İdman Sarayı və 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində tikinti işləri davam edir. Sarayıng ələn ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulsa da, İdman Məktəbində işlərin 2023-cü ildə başa çatdırılması planlaşdırılır. Gəncə idmanı üçün ən çox yaddaşlara həkk olunan məqam isə ilin sonunda AFFA tərəfindən Nizami yurdunda yeni futbol akademiyasının inşasına start verilməsidir. Gəncədə və ətraf rayonlarda futbolun inkişafı üçün atılan bu addım respublikamızda futbolun beşiyi sayılan ölkənin ikinci böyük şəhərində yeni istedadların yetişməsinə şərait yaradacaq.

Geridə qalan il Gəncə idmançıları 120-dən çox yerli və beynəlxalq səviyyəli yarışlarda iştirak ediblər. Ümumilikdə Nizami yurdunun yetirmələri 2021-ci ildə müxtəlif əyarlı 150-yə yaxın medala sahib çıxıblar. Onlar arasında il ərzində bir çox nüfuzlu turnirlərə qatılan, ən əsası gənc olmasına baxmayaraq Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı olan sərbəst güləşçi Turan Bayramovu xüsusi qeyd etmək lazımdır. Gələcəyinə böyük ümidlər bəslənən Turan 2021-ci il idman karyerasında ən yaddaqalan anları televiziyamızla bölüşüb.

Gələn il həm ölkə, həm də Gəncə idmanının qarşısında daha böyük hədəflər var. Təbii ki, ilk növbədə bütün diqqətlər Paris Yay Olimpiya Oyunları üçün hazırlıq mərhələsinə yönələcək.