• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 31.12.2021 20:32

Qarabağ zəfərindən ötən bir il, diplomatik uğurlar

KepezTV Player

Prezident İlham Əliyevin dövlət xadimi, fateh sərkərdə kimi Azərbaycan xalqı qarşısında tarixi xidmətləri əvəzolunmazdır. Beynəlxalq miqyasda Azərbaycan həqiqətlərini dünyaya çatdıran, dövlətin iqtisadi maraqlarını təmin edən və dünyanın ən inkişaf etmiş ölkələri sırasında Azərbaycanı ləyaqətlə təmsil edən lider, beynəlxalq aləmdə Azərbaycan dövlətinin haqqının və hüququnun qarantı Qarabağ probleminin həllində də öz prinsipial mövqeyi, ictimai nüfuzu ilə qələbəni təmin etdi. Arxada qoyduğumuz il Zəfərdən ötən 1 il və ya Qarabağlı il olaraq tarixə keçdi.

Tarixinin ən güclü dövlətinə çevrilməsi və müstəqil siyasət yürütməsi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını şərtləndirən amillər oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətçiliyimizin ən şərəfli səhifələrindən birini yazdı. 18-ci əsrdən etibarən əsarətə məruz qalan Azərbaycan xalqı bu qalibiyyətlə son 200 illik dövrdə ilk dəfə olaraq işğal altına düşmüş torpaqlarını güc yolu ilə azad etdi. Prezidentin müharibə dövründə, eləcə də müharibədən sonraki dövrdə çıxışları, işgüzar səfərləri, dünyanın gözü önündəki qətiyyəti böyük qələbəni səciyyələndirən əsas şərtlərdən biri oldu.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. ...Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Çünki mən bir neçə dəfə demişəm ki, bizim Ermənistana qarşı ərazi iddialarımızın olması üçün çox tarixi səbəblərimiz var. Onlar sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidirlər. Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik. Biz açıq şəkildə demişik ki, buna hazırıq. Lakin hələ ki, Ermənistan tərəfdən heç bir müsbət işarə almamışıq. ...Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Düşünürəm ki, əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, bizim irəliləyiş üçün şansımız var. Bizə gəlincə isə, bizim mövqeyimiz açıq-aşkardır. Mən bunu dəfələrlə açıq şəkildə dilə gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik.

İlham Əliyevin Azərbaycana rəhbərliyinin hansı dəyişikliklərlə əlamətdar olduğu 18 ilin siyasi, iqtisadi və sosial mənzərəsinin fonunda olduqca aydın görünür. Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davamı, eyni zamanda bu siyasətin dövrün çağırışlarından irəli gələrək zənginləşdirilməsi Azərbaycanı tarixinin ən inkişaf etmiş, ən güclü dövlətinə çevirdi.

Azərbaycanın öz torpaqları uğrunda inamla savaşa başlaması, qələbəni təmin etməsi müstəqil siyasətin təzahürüdür. İlham Əliyevin sürətlə inkişaf etdirdiyi, möhkəmləndirdiyi respublikamızın uğurlu hərbi əməliyyatları da güclü dövlətin ortaya qoyduğu reallıq idi. Prezident<br>İlham Əliyev 44 gün ərzində beynəlxalq təzyiqləri layiqincə dəf etdi, Ermənistanı həm döyüş meydanında, həm də siyasi arenada məğlub ölkəyə çevirdi.

Ali Baş Komandan bir daha bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz. Döndərə bilmədi də. Bu onu göstərir ki, Azərbaycan hansısa ölkələrin diqtəsi ilə deyil, öz qəbul etdiyi qərarlar əsasında hərəkət edir.

Erməni lobbisini diz çökdürən Azərbaycan lideri öz səriştəsi, siyasi savadı ilə qələbəni diplomatik müstəvidə daha da möhkəmləndirdi. Ermənistanın ən çox arxalandığı Avropa ölkələri də Azərbaycanın qələbəsini qəbul etdi və Azərbaycanı qüdrətli ölkə kimi tanıdı.

Bu tarixi Qələbə məhz Prezident İlham Əliyevin rəhbərliyi altında qazanıldı və Azərbaycanımız uzun illər davam edən işğaldan qurtuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi, neçə illik torpaq həsrətinə son qoyuldu. Bu gün Azərbaycan xalqı üçün, bütün dünya Azərbaycanlıları üçün bu Zəfərli günləri yaşamaq neçə ömrə bərabərdir.

Valeh Anaroğlu