• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1497
— 16.12.2021 12:18

Hərbi hissələrdə yeni obyektlər istifadəyə verilib

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunmuş ərazilərdə yeni inşa edilmiş hərbi infrastruktur obyektləri ilə tanış olub. Məruzə olunub ki, modul tipli yerləşmə məntəqəsi hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur. Kompleks mərkəzləşdirilmiş istilik sistemi, işıq və su ilə təchiz edilib. Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonra Müdafiə naziri hərbi hissələrin birində yeni tikilmiş qarovul şəhərciyinin açılış mərasimində iştirak edib. Bildirilib ki, qısa müddət ərzində müasir standartlara uyğun inşa edilən qarovul evində xidmətin yüksək səviyyədə təşkil olunması və aparılması üçün hərtərəfli şərait yaradılıb. Binada mərkəzləşdiriliş istilik sistemi, siqnalizasiya və yanğın əleyhinə sistemlər quraşdırılıb. Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb.