• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2302
— 13.12.2021 20:38

Şəhərin simasına xələl gətirən qanunsuz küçə ticarəti

KepezTV Player

Gəncədə qanunsuz küçə ticarətinə qarşı reydlər davam edir. Həm Kəpəz, həm də Nizami rayonlarının ərazisində icra hakimiyyətləri və polis əməkdaşlarının iştirakı ilə qanun pozuntularına yol verənlər barədə tədbirlər görülüb.

Kəpəz rayonunda Heydər Əliyev və Şah İsmayıl Xətai  prospektləri, Dədə Qorqud küçəsində aparılan reyd zamanı piyada səkiləri, parkinq yerlərinin qanunsuz küçə ticarətçiləri tərəfindən zəbt edildiyi aşkarlanıb. Əsasən də meyvə-tərəvəz məhsullarının antisanitar və gigiyenik normalara əməl edilmədən satışının həyata keçirilməsi sağlamlıq üçün də ciddi təhlükədir.

Analoji vəziyyət Nizami rayonu ərazisində də hökm sürür. Burada da icra hakmiyyəti başçısı və polis rəisinin iştirakı ilə aşkarlanan xoşolmayan mənzərə nəzarət tədbirlərinin daha da artırılmasını labüd edir. Nizami Gəncəvi prospekti boyunca ərzaq, qida, istehlak mallarının ticarəti ilə məşğul olanlar piyadaların təhlükəsizliyi üçün təhdidə çevrilib.

Reydlər zamanı satıcılarla maarifləndirici söhbərlər aparılıb, küçədə qanunsuz olaraq açıq havada satış etməyin antisanitar şərait yaratdığı diqqətə çatdırılıb. Digər tərəfdən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə də mane törədilir. Sürücülərin və piyadaların haqlı narazılığına səbəb olan belə halların aradan qaldırılması üçün satıcılara alternativ variant olaraq bazarlarda, qapalı məkanlarda alver etmək təklif edilib.

Qanunsuz küçə ticarətinin qarşısının alınmasına istiqamətlənən reydlər davam etdirilir və aşkarlanan analoji hallar ciddi tədbirlərin görülməsi ilə nəticələnir.

Elnur Vahidoğlu