• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1726
— 13.12.2021 11:18

İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib. Dövlət başçısı Ağdam təmsilçisinin oyunlarında hakim ədalətsizliyindən danışıb, bunun yalnız futbol komandasına deyil, ölkəmizə qarşı olduğunu vurğulayıb. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə belə ədalətsizliklərin komandanı daha da ruhlandırdığını deyib.

Prezident İlham Əliyev "Qarabağ"ın oyununda hakim ədalətsizliyindən danışıb

Pley-off mərhələsinə çıxmağın böyük nailiyyət olduğunu qeyd edən Prezident İlham Əliyev komandanın birbaşa 1/8 finala çıxmasına imkan verməyən hakim ədalətsizliyinə diqqət çəkib. “Qarabağ”ın artıq bir neçə dəfədir Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşdiyini vurğulayan İlham Əliyev UEFA-nın bu problemin aradan qaldırılması üçün əməli addımlar atacağına, bu biabırçı hallara yol verən hakimlərin cəzalandırılacağına ümid etdiyini deyib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Çox təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı ənənə davam edir. Bu dəfə də xorvatiyalı hakim Yoviç açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçılarının gözü önündə vurulmuş təmiz qolu saymadı. Buna səhv demək mümkün deyil. Çünki bu, Avropa turniridir. Bu, kənd turniri deyil, məhəllə turniri deyil, həyətlərarası turnir deyil. Bu, Avropa turniridir, buraya Avropanın ən peşəkar, ən təcrübəli hakimləri cəlb olunur və bu oyunlarda hakimlik edirlər. Necə ola bilər ki, qapı xəttindən ən azı bir metr keçən topu görməyəsən. Yaxşı, sən görmürsən, korsan, yan hakim də görmür, o da kordur? Bu korları necə yığıb doldurublar buraya?! Nə üçün məhz “Qarabağ”ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik. Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, - təkcə sizə yox, - ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur. Əgər bir dəfə olsaydı, iki dəfə olsaydı deyərdik ki, ola bilər, səhv olub. Hansısa təsadüfi hadisə nəticəsində baş verib. Yox, bu, sistem xarakterli problemdir.

"Elə Ağdam quracağıq ki, bütün dünyaya örnək olacaq"

"Qarabağ"ın təmsil etdiyi Ağdamda törədilən erməni vəhşiliklərindən danışan İlham Əliyev müharibənin başa çatmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, heç bir Avropa təşkilatının bu faşizmlə bağlı söz demədiyinə, Ermənistanı qınamadığına diqqət çəkib. "Sizin qələbəniz sadəcə idman qələbəsi deyil. Çünki siz Ağdam şəhərini təmsil edirsiniz", - deyə dövlət başçısı vurğulayıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Əminəm ki, gün gələcək biz Ağdamı dediyim kimi quracağıq, elə Ağdam quracağıq ki, bütün dünyaya örnək olacaq və siz ev oyunlarınızı Ağdamda keçirəcəksiniz, “İmarət” stadionunda keçirəcəksiniz, orada parlaq qələbələr qazanaraq, xalqımızı sevindirəcəksiniz. Mən sizinlə üçüncü dəfə görüşürəm - 2014-cü ildə, 2017-ci ildə və bu dəfə. Nə üçün? Çünki siz ölkəmizə, xalqımıza qələbələr gətirirsiniz və çox istərdim ki, bizim digər futbol klublarımız sizin yolunuzla getsin və mən onlarla da görüşüm, onları da nailiyyətlər, uğurlar münasibətilə təbrik edim. Əminəm ki, bu da olacaq. Amma “Qarabağ” yenə də deyirəm, hələlik Azərbaycan futbolunun aparıcı komandası olaraq qalır. Sizə yeni mərhələdə uğurlar, nailiyyətlər, qələbələr arzulayıram. Bir daha sizi təbrik edirəm.

"Komanda azad Qarabağı təmsil edən klub kimi meydana çıxıb"

“Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl qeyd edib ki, komanda əvvəlki illərdə köçkünlərimizin nidasını, Vətən həsrəti, torpağa haqlı tələbi dünyaya çatdırmaq missiyasını öz üzərinə götürmüşdü və bu məsuliyyətlə böyük uğurlar qazandı. Amma bu il çox fərqli şəkildə, azad Qarabağı təmsil edən klub kimi meydana çıxıb.

Tahir Gözəl "Qarabağ" futbol klubunun prezidenti: Cənab Prezident, biz birinci dəfə Sizinlə görüşəndə heç də qələbə qazanmamışdıq. Siz o gün bizə dediniz ki, mən sizi qalib sayıram, heç vaxt ruhdan düşməyin, davam edin. Dünyada elə bir klub yoxdur ki, üç dəfə rəhbərin qəbulunda olsun. Sizin bu mənəvi dəstəyinizdən sonra bizim öhdəmizə ancaq və ancaq uğur qazanmaq düşürdü və biz bunu yerinə yetirdik.

Qurban Qurbanov: "Ədalətsizlik bizə daha da güc verir"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə vurğulayıb ki, dövlət başçısının komandanın qalibiyyətlərinə verdiyi dəyər klub üzvlərinə güc-qüvvət verir. Baş məşqçi hakim ədalətsizliklərinə rəğmən bundan sonra da inamlı olmağa çalışacaqlarını söyləyib.

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi: Son oyunda hakimin səhvindən sonra, elə orada mən öz müsahibəmdə bildirdim ki, bizə qarşı böyük bir ədalətsizlik olub. Amma bu, bizə daha da güc verir və bizi daha da ruhlandırır. Onların qarşısında bunu söylədim. Biz bu cür ədalətsizlikləri dəfələrlə görmüşük. Ancaq öz istəyimizlə, xarakterimizlə, birliyimizlə bundan sonra da belə daha inamlı və daha da ürəkli olmağa çalışacağıq.

Prezident İlham Əliyevə "Qarabağ"ın forması hədiyyə olunub

Dövlət başçısına "Qarabağ" futbol klubunun forması hədiyyə olunub. 10 nömrəli formanın üzərində İlham Əliyevin adı yazılıb. Dövlət başçısına UEFA Konfrans Liqasının topu da təqdim edilib.