• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 10.12.2021 20:12

Minaaxtaran olmaq istəyənlər üçün təlimlər keçirilir

KepezTV Player

ANAMA-nın Göygöl Regional Mərkəzində minaaxtaran peşəsinə yiyələnmək istəyənlərə təlimlər keçirilir. Təlimdə 40 yaşa qədər olan şəxslər iştirak edir. Onlara mina axtarma, ilkin tibbi yardım və partlamamış hərbi sursatlarla iş prinsipləri öyrədilir.

ANAMA-nın Göygöl regional mərkəzində humanitar minaaxtarma və döyüş sahələrinin təmizlənməsi üzrə təlimlər davam edir. 44 müdavimin iştirak etdiyi kurslarının nəzəri hissəsi minalarla işlənmə qaydası, təhlükəsiz aşkarlanma, ilkin tibbi yardım, hərbi sursatlarla davranış qaydalarını əhatə edir. Kurslarda böyük həvəslə iştirak edən və əsas hissəsi Vətən müharibəsinin iştirakçılarından ibarət olan müraciətçilər görünməyən düşmənə qarşı mübarizə aparmağı özlərinə borc bilirlər.

Ümumilikdə yeddi nəfər peşəkar mütəxəssisin təlim keçdiyi heyət bir neçə qrupdan ibarət olmaqla müxtəlif növ minaların zərərsizləşdirilməsi ilə bağlı təlimatlandırılır. Təlimlərdən sonra yekun imtahanda uğur qazanan namizədlərə sertifikatlar veriləcək və onlar ANAMA-nın tamhüquqlu üzvünə çevriləcəklər. Böyük səbr və təmkin tələb edən praktiki məşğələlər zamanı da müdavimlərə diqqət olunmalı məqamlarla bağlı spesifik məlumatlar öyrədilir.

3 həftəyə yaxındır davam edən təlimlərin əsas hissəsi praktiki məşğələlər hesab olunur. Son dərəcə ehtiyat tələb edən minaaxtaran peşəsinə yiyələnmək istəyənlər müxtəlif kombinasiyaları hesablamalı, minaaxtaran qurğuların fəaliyyətinə tam bələd olmalıdırlar.

Müharibənin bitdiyi gündən bu günə qədər 29 nəfər mülki şəxs mina qurbanı olub, 44 nəfər isə müxtəlif xəsarətlər alıb. ANAMA təlim və təmizləmə prosesi ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə öz xidməti vəzifəsi ilə əlaqədar işə cəlb olunan qurumların əməkdaşlarını maarifləndirmə işinə də cəlb olunub.

 

Valeh Anaroğlu