• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 25.11.2021 20:30

Azad Kəlbəcər tərəqqiyə doğru

KepezTV Player

Bu gün 30 illik həsrətin vüsal günlərindən daha biridir. Bu gün kəlbəcərlilər başda olmaqla, bütün azərbaycanlıların sevinc günüdür. Uca dağlar, şiş qayalar, göz oxşayan mənzərələr, cənnətməkan Kəlbəcərin Ermənistanın işğalından azad edilməsindən 1 il ötür. Çətin relyefə malik Kəlbəcər bir güllə atılmadan, siyasi yolla Azərbaycana qaytarıldı.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: “Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. … Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. … Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq”.

Azadlığına qovuşduğu gündən Kəlbəcərin bərpasına başlanıldı. Torpağa əsl sahibliyin nümunəsi kimi, 30 illik işğaldan sonra bu dilbər diyarın yenidən cənnətə çevrilməsi üçün addımlar atıldı. Yolların yenidən qurulmasına, tunellərin inşasına, infrastrukturun bərpasına start verildi. Bir sıra dövlət qurumlarının yerli şöbələri rayonda fəaliyyətini bərpa etdi. Pilot layihə olaraq qoyunçuluq və arıçılıq təsərrüfatlarının Kəlbəcərə köçürülməsinə başlanıldı. Prezident İlham Əliyev bu ilin avqustunda Kəlbəcərə səfəri zamanı bir sıra təməlqoyma və açılış mərasimlərində iştirak etdi.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:  “Kəlbəcər rayon yarımstansiyasının açılışını etdik. Çox əlamətdar hadisədir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və deyə bilərəm ki, cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi. Özü də çox çətin bir hava şəraitində, çətin relyefdən, dağlardan keçərək, bu önəmli infrastruktur obyektini istifadəyə verdik. Yeni dirəkləri də görürsünüz. Dirəklərin ən hündür olan yeri 3400 metrdir. Doğrudan da böyük peşəkarlıq və məharət tələb edən layihədir və onu göstərir ki, bizim daxili resurslarımız o qədər güclüdür ki, biz qısa müddət ərzində bu işləri görə bilərik”.

Böyük iqtisadi potensiala malik Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə ən zəngin rayonlarındandır. Ölkənin ən böyük qızıl yataqları məhz Kəlbəcərin payına düşür. Ermənilər işğal müddətində rayonun infrastrukturunu darmadağın etməklə yanaşı, təbii sərvətlərini də vəhşicəsinə talayıblar. 44 günlük Vətən müharibəsi ilə tarixi ədalətsizliyə, işğala son qoyan Azərbaycan torpaqlarının azadlığını təmin etdi. Döyüş meydanında rəzil duruma düşən ermənilər kapitulyasiyaya məcbur edildilər. Ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat əsasən, Azərbaycanın üç rayonu, o cümlədən Kəlcbəcər işğalçılardan təmizlənərək sahiblərinə qaytarıldı. İndi bu gün bütün kəlbəcərlilər dədə-baba yurdlarına birdəfəlik qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonu, sahəsinə görə də ən böyük rayondur. Ərazisinin böyüklüyü burda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər həm də Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Azadlığına qovuşması ilə rayon yenidən Azərbaycanın iqtisadi inkişafında xüsusi yer tutacaq. Kəlbəcər tamamilə dirçəldiləcək, cənnət təbiəti bərpa ediləcək, bura yenidən şən həyat qayıdacaq.