• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 24.11.2021 20:01

Təmirə ehtiyacı olan məktəblər, məktəbsiz olan qəsəbə

KepezTV Player

Təmirsiz, qapı-pəncərələri sınıq sinif otaqları, uçub-dağılan hasarlar, bərbad həyət. Gəncənin 9 və 11 nömrəli orta məktəblərinin bugünkü vəziyyətini belə ifadə etmək olar. Şəhərin ən böyük yaşayış massivlərindən olan Cavadxan qəsəbəsində isə ümumiyyətlə orta məktəbin olmaması sakinlərə çətinliklər yaradır. Sadalanan problemləri Gəncədən seçilən millət vəkili Naqif Həmzəyev Milli Məclisin iclasında da qaldırıb. Əməkdaşımız Elnur Vahidoğlu təhsil ocaqlarının aqibəti ilə maraqlanıb.

Puşkin adına 9 nömrəli orta məktəbin binası 1936-cı ildə hərbi hospital üçün tikilib.1989-cu ildən bina uyğunlaşdırılaraq məktəb kimi fəaliyyət göstərib. Təhsil ocağı 3 mərtəbəli binadan və 1 yardımçı tikilidən ibarətdir. 549 şagirdin təhsil aldığı bu məktəbdə indiyə kimi heç bir əsaslı təmir və tikinti işləri aparılmayıb.

Bu sinif otağı Gəncə şəhər 9 nömrəli tam orta məktəbin yardımçı binasında olan sinif otaqlarından biridir. Gördüyünüz kimi sinif otağı tamamilə təmirsiz və yararsız vəziyyətdədir. Şübhəsiz ki, bu da burada dərs keçməyə imkan vermir.

Ən acınacaqlı vəziyyətlərdən biri də budur ki, təhsil müəssisəsinin idman zalı yoxdur. Şagirdlərə idman dərsləri məcburiyyətdən açıq havada keçilir.

Dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan 11 nömrəli orta məktəbdə də acınacaqlı vəziyyət hökm sürür. Gördüyünüz kimi sinif otaqları təmirsiz, yararsız, həmçinin darısqal bir vəziyyətdədir. Sinif otaqlarının qapısı da pis vəziyyətdədir.

62 ildir fəaliyyət göstərən bu binada indiyə kimi heç bir əsaslı təmir işləri görülməyib. 970 şagird belə çətin şəraitdə təhsil almaq məcburiyyətindədir.

Uzun illər acıqnacaqlı vəziyyətdə olan, bu ilin əvvəlində isə yenidən qurulmasına başlanılan 10 nömrəli məktəbdə isə inşaat işləri davam edir. Təhsil müəssisəsinin köhnə binası sökülərək yerində 760 yerlik yeni bina tikilir. Binanın gələn ilin əvvəlinə kimi təhvil verilməsi nəzərdə tutulur.

Elnur Vahidoğlu