• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1274
— 01.11.2021 22:30

Təmirə ehtiyacı olan məktəb binası

KepezTV Player

Goranboyda uzun illlərdir fəaliyyət göstərən məktəblərdən biri də Səfikürd kəndində yerləşir. Tarixi 40 ildən çox olan tədris müəssisəsinin binasının əsaslı şəkildə təmirə ehtiyacı var. Binada ayrı-ayrı vaxtlarda müəyyən bərpa işləri aparılsa da, müasir tələblərə cavab verəcək hal almayıb.

Goranboy rayonunun Səfikürd kənd orta məktəbi.. Siniflər soyuq, pəncərələr qırıq, döşəmə yararsız vəziyyətdə, tavan təhlükəli durumda. Bir sözlə keyfiyyətli tədris üçün bina dövrün tələblərinə cavab vermir. Məktəbin ürəkaçan olmayan vəziyyətindən şagirdlər də narahatdır.

Mirmuraz Cəfərzadə şagird: Məktəbimiz çox pis vəziyyətdədir. Qəzalı vəziyyətdədir. Soyuqdur, istilik sistemi də işləmir. Aynalarda deşiklər, qırıqlar mövcuddur. Pilləkənlərin kafelləri uçub deyə, rahat hərəkət etmək olmur. Məktəbimiz bərpa olunsa, daha yaxşı olardı. Biz də yaxşı dərslər keçə bilərdik.

Zahir Həsənov şagird: Görürsüz, sinifimiz nə gündədir. Məktəb pis gündədir. Aynalar qırıqdır. Siniflərimiz soyuq olur. Siniflər çox soyuq olur. Koridorda kafellər qırıq-qırıq, uşaqlar yıxılır. Arzum odur ki, məktəbimiz təmir olunsun. Yaxşı görsənsin. Sinifdə kurtkasız oturaq, otaqlar isti olsun.

Sözügedən tədris ocağının şəraitinin istənilən səviyyədə olmaması şagird və valideynlər kimi pedaqoji heyətdə də narahatlıq yaradır. Onlar lazımi şəraitin yaradılmasını arzulayırlar.

Müşgünaz Məmmədova valideyn: Səfikürd kənd tam orta məktəbində həm müəllimə kimi çalışıram, həm də övladlarım bu məktəbdə təhsil alır. Məktəbimizin kollektivi də çox böyükdür, şagird kontingenti də çox böyükdür. Belə deyək ki, bu şagirdlərin təhsil alması üçün, fəaliyyət göstərməsi üçün lazımi şərait yoxdur. Bu mənada yoxdur ki, istilik sistemimiz, əsas bizim problemimiz istilik sistemidir. Qış gələndə biz bilmirik ki, sinifdəki peçləri yandıraq yoxsa, dərs keçək. Uşağın da diqqəti yayınır, istənilən halda keyfiyyətli dərs mövcud olmur.

Ziyabil Hüseynov məktəbin müəllimi: 41 ildir mən bu məktəbdə dərs deyirəm. Eyni zamanda övladlarım bu məktəbi bitirib. Hazırda ali təhsil alırlar. Qış aylarında isitmə sistemində ciddi problemlər olur. Hal-hazırda da işləmir. İnanıram ki, məktəbimizin təmiri uğurla həyata keçiriləcək. Dövlət səviyyəsində bu problem öz həllini tapacaq.

1000 nəfərə yaxın şagirdin təhsil aldığı məktəb binası 1982-ci ildə istifadəyə verilib. Daxili imkanlar hesabına müəyyən restavrasiya işləri görülsə də, məktəb binasının bəxti Vətən müharibəsində də gətirməyib. Atılan raket zərbələrindən bir neçəsi məktəbin yerləşdiyi əraziyə düşüb.

Lamiyə Abışova Səfikürd kənd tam orta məktəbinin direktoru: Məktəbimiz 1176 nəfər yerlikdir. 50 sinif otağımız var. 1-4-cü siniflərdə 343 nəfər şagird, 5-11-ci siniflərdə 526 nəfər şagird təhsil alır. 75 nəfər məktəbəqədər tədrisə cəlb olunmuşdur. Məktəbimizdə şagirdlərin təlim-tərbiyəsi ilə 125 müəllim məşğul olur. Məktəbimizin uzun müddətdir ki, əsaslı təmirə ehtiyacı var. 2020-ci il oktyabr ayının 1-də ermənilərin yaxın əraziyə atdığı raket zərbələri nəticəsində məktəbə çox böyük ziyan dəymişdir.

Goranboy rayonunda mövcud olan 78 məktəbdən 58-i tam orta, 10-u ümumi, 10-u isə ibtidaidir. Rayon Təhsil Şöbəsindən bildirilib ki, binası dövrün tələblərinə cavab verməyən Səfikürd məktəbinin bərpası dövlət proqramına daxil edilib.

Kifayət Rzayeva Təhsil Şöbəsinin müdir müavini: 44 günlük müharibə ərzində erməni işğalçıları tərəfindən təkcə ordumuza deyil, mülki əhaliyə də ziyan dəymişdir. Eyni zamanda bizim ümumtəhsil məktəblərinə də sərhəd bölgəsində yerləşiyimiz üçün ciddi ziyan dəyib. Sırf Səfikürd kənd məktəbi müharibə dövründə dağıntılara məruz qaldığından məktəbin əsaslı təmiri dövlət planına daxil edilib. Təmir olunacaq əsaslı şəkildə.

Goranboy rayonunda təhsilə göstərilən dövlət qayğısı nəticəsində ötən il Gürzalılar və Abbasqulular kəndlərində modul tipli məktəblər tikilərək istifadəyə verilib. Səfikürd kənd məktəbi ilə yanaşı, 44 günlük vətən müharibəsi dövründə dağıntılara məruz Qızılhacılı və Tapqaraqoyunlu kəndlərindəki təhsil ocaqlarının da bərpası nəzərdə tutulur.

Valeh Anaroğlu