• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1348
— 31.10.2021 18:30

Ucqar kənd məktəblərində istiliklə bağlı problem yoxdur

KepezTV Player

Son günlər havaların soyuq keçməsi ilə əlaqədar orta məktəblərə vaxtından əvvəl istiliyin verilməsi ilə bağlı məsələ son günlərin əsas müzakirə mövzularından biridir. Əməkdaşımız Valeh Anaroğlu bu mövzunu yaxından araşdırıb. O, qərb bölgəsində yerləşən Gədəbəy rayonunun ucqar dağ kəndlərində təhsil müəssisələrinin şəraiti ilə bizi yaxından tanış etmək üçün sözügedən rayona yollanıb. Elə isə biz də vaxtı bada vermədən gətirək Gədəbəy rayonunda qış mövsümünə hazırlıqla bağlı hazırlanan videomaterialı ekranlara.

İstilik təhcizatı ilə bağlı payız-qış mövsümünə keçid ölkəmizdə noyabrın 15-dən hesablanır. Ancaq dağlıq ərazidə yerləşən Gədəbəy məktəblərində oktyabr ayının 15-dən etibarən istiliyin verilməsinə başlanılıb. Bu da öz növbəsində şagirdlərin davamiyyətinə təsir etməklə onları isti sinif otaqlarında təhsil almağa həvəsləndirir.

Davamiyyətin yüksək səviyyədə olması təhsilin keyfiyyət təminatı üçün başlıca şərtlərdəndir. Bu təminat isə sinif otaqlarında olan istiliyin səviyyəsindən birbaşa asılıdır. Görünən odur ki, havaların soyuq, temperaturun aşağı olması Gədəbəy məktəblilərinin təhsilinə mane ola biləcək səbəblərdən deyil.

Qalakənd, Saratovka, Şınıx və Qızılca meşəbəylikləri tərəfindən oduncaq tədarükü aparılan ümumtəhsil müəssisələrində də istiliklə bağlı məsələ nəzarətdədir. Sinif otaqlarında təhlükəsiz şəkildə istiliyin təmin olunması ilə bağlı tələblərə riayət edilir.

İstiliklə təminat məsələsi məktəblərdə ocaqçı kimi çalışanları da gündəmə gətirir. Ocaqçı vaxtaşırı olaraq sobalara nəzarət etməklə və saz vəziyyətdə saxlanmasına, tədarük olunan oduncağın istifadəsinə birbaşa cavabdehlik daşıyır.

Rayon təhsil şöbəsi də təminat məsələsinə həssas yanaşır. Təhsil ocaqlarının bir qisminin mərkəzi istilik sistemi, digərlərinin isə oduncaq ilə qızdırılması sözügedən şöbənin nəzarətindədir. Aidiyyatı qurumlarla sıx şəkildə fəaliyyətin nəticəsi olaraq bütün ucqar kənd məktəblərində oduncaq təminatı həyata keçirilib.

Şagirdlər sinif otaqlarında başlarına papaq, əyinlərinə qalın paltar geyinməyə məcbur deyillər. Onlar hər bir Azərbaycan vətəndaşı kimi öz təhsil hüquqlarından rahat şəkildə əlverişli şəraitdə yararlana bilirlər. Qüdrətli dövlətin çalışqan şagirdləri kimi.

 

Valeh Anaroğlu