• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 27.10.2021 20:09

Azad Şuşanın azad ruhlu dahilərinin abidələri

KepezTV Player

Şuşada 549 qədim yaşayış binası, 17 məhəllə, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə və s. olub. Şuşa həm də dahi şəxsiyyətlərin yeişdiyi məkan idi. Buna görə də indi Şuşanın küçələrində addımbaşı tarixin izi ilə rastlaşmaq mümkündür. Amma düşmən o tarixi silməyə yox etməyə çalışıb. Sıradakı videomaterialımızda Ruhəngiz Hacızadə Şuşada düşmənin əlində əsir qalan abidələrimizdən danışacaq. Sevindirici olan isə odur ki, artıq bərpası həyata keçirilən abidələr də qapılarını qonaqlara açır.

Badi-səba, bir xəbər ver könlümə,

Ol güli-xəndanım neçün gəlmədi?

Xəyalım şəhrini qoydu viranə,

Sərvərim, sultanım neçün gəlmədi?

Bu misraların müəllifi olan görkəmli şair, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan məqbərənin bərpa olunmuş vəziyyəti ürəyimizə rahatlıq gətirir. Axı biz bu tikilinin viran qalmış halını da gördük.  Şuşanın işğalı zamanı erməni vandalizminə məruz qalan abidə içərisindəki eksponatlarla birgə məhv edilmişdi.

Mühəndisliyi də bacaran Molla Pənah Vaqif Şuşada bir çox obyektlərin tikintisində iştirak edib, xanın və onun uşaqlarının şəxsi binalarının, hərəmxanalarının, xan sarayının tikintisinə rəhbərlik edib. Belə bir insanın məzarı üzərindəki abidənin dağıdılması könlümüzü sızlatmaya bilərdimi?

Məqbərənin açılışı 1982-ci il yanvarın 14-də ümummlilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə baş tutub.  Zəfərdən sonra Prezident İlham Əliyev məqbərənin açıldığı gün yəni 14 yanvarda Şuşaya səfəri zamanı abidəni ziyarət edib və onun tapşırığına əsasən muzey-məqbərə kompleksi yenidən qurularaq əvvəlki görkəminə qaytarılıb. İndi kompleksin həyətindəki stenddə abidənin işğal zamanı dağıdılan vəziyyəti və məqbərə haqqında məlumatlar əks olunub. Abidə dördkünc quruluşa malikdir və mərmərlərlə bəzədilib.

Tarixi ədalətin bərpası məqbərinin həyətində bitən rəngarəng güllərə də yansıyıb elə bil. İndi bu torpaqda açan çiçəklər də doğmaların gəlişinə sevinir.

Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri də Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana məxsus olan XIX əsrə aid ikimərtəbəli evdir. Tarixi memarlıq abidəsi kərpic və çay daşlarından inşa edilib. 1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlayıb. 1987-ci ildə binada əsaslı təmir-bərpa işləri aparıldıqdan sonra AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyət göstərib.

Bəli, məqsədli şəkildə...Məqsədin nədən ibarət olduğunu bir azdan müsahibimiz özü deyəcək. Ona qədər isə biz tarixdən və tarixə ləkə salanların əməllərindən danışaq.

1992-ci ilin may ayının 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsb edilib. Dürrü yekta, yəni tək inci adlandırılan Natavanın dillərə dastan sarayından qalan bu divarlar onun inci kimi misralarına, ədəbi söhbət və mübahisələrə şahidlik edib.

Xan qızının çəkdirdiyi bulaq da düşmənlər tərəfindən qurudulub. Amma bu gün Prezident İlham Əliyevin sərəncamı ilə bulağın suyu yenidən gəlir...

Uçulub sökülən Xan sarayının aqibəti də digərlərindən fərqlənmir. Elə təkcə bu görüntülər onu deməyə əsas verir ki, Şuşa ömür boyu ermənilərə yad olub. Əks halda Şuşanın hər hər daşından tarix qoxan abidələrini yerlə-yeksan etməzdilər.

Xan qızının evindən bir az sonra onun adını daşıyan bağ yerləşir. Burada hələ 1985-ci ildə 100 illik yubileyi münasibəti ilə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılıb. İşğal zamanı tamamilə dağılan heykəlin yerində indi yenisi yerləşdirilib. Bu heykəl o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında Aslan, Teymur və Mahmud Rüstəmovlar tərəfindən bürüncdən hazırlanıb.

XIX əsrdə Şuşada tikiən  ev 1978-ci ildə təmir edilib. İşğaladək ev muzeyində 1700-ə yaxın eksponat olub. Min altı yüzə yaxın eksponat Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Xalq artisti, görkəmli bəstəkar, publisist, dramaturq Üzeyir Hacıbəyli Azərbaycanın milli bəstəkarlıq məktəbinin təməlini qoyub. O, musiqi tarixinə müsəlman şərqində ilk opera əsəri olan “Leyli və Məcnun” operasının yaradıcısı kimi daxil olub.  Belə bir dahi şəxsiyyətin evinə heç bir dəyərləri olmayan, başqasının mədəniyyətinə hörmət etməyi bacarmayan, əlinə fürsət düşdükcə mədəniyyət nümunələrini, musiqilərini oğurlayan insanların ayağının dəyməsi də insanın ürəyini göynədir.

Azad Şuşanın azad ruhlu dahiləri, ruhunuzun şad olduğundan əminik. Çünki uyuduğunuz əbədi məkana yenidən qayıtmışıq. Xarabazara çevrilən yurdunuz gülüstana çevriləcək.

 

Rühəngiz Hacızadə