• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1267
— 19.10.2021 20:05

Vətəni bütöv görmək üçün gözünü vətənə qurban verən qazi

KepezTV Player

Torpaqlarımızın azadlığı ilə nəticələnən 44 günlük Vətən müharibəsində neçə-neçə oğul canından keçdi, sağlamlığını itirdi. Təbii ki, savaş itkilər deməkdir. Bunsuz məqsədə nail olmaq olmazdı. Müzəffər ordumuzun qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməsində əməyi keçən mərd oğullardan biri haqqında danışacağıq. Qazi Elvin Almməmmədov haqqında.

Qələbəsi ilə dünyaya səs salan Azərbaycan Ordusunun qəhrəman hərbçilərindən, şərəfli döyüş yolu keçən qazilərimizdən biri də Samux rayon sakini Alməmmədov Elvin Toxtamurad oğludur. Vətən torpaqlarının azadlığı uğrunda gözünün nurunu itirsə də, qalib hərbçimiz və ailəsi məğrurdur. Vətən savaşında Elvinin döyüş yolu Füzulidən başlayıb.

Füzulinin alınmasında onun şücaəti danılmazdır. İxtisasca rabitəçi olan Elvin öz manqasının əsgərləri ilə birlikdə düşmən obyektlərinin məhv edilməsi istiqamətində artilleriya bölmələrimizə önəmli koordinatlar verib. Elə gözlərini də Qubadlı istiqamətində gedən şiddətli döyüşlərdə döyüş yoldaşlarını xilas edərkən itirib.

Vətənin azadlığı uğrunda gedən ən ağır döyüş əməliyyatlarında iştirak edən Elvin Alməmmədovun nənəsi onu hərbiyə yola salarkən heç bir narahatlıq keçirmədiklərini, müharibə vaxtı Ali Baş Komandanın xverdiyi müsahibələri izlədiklərini, ermənilərə verdiyi tutarlı cavablardan qürurlandıqlarını deyir.

Anası Aybəniz xanım ilə danışarkən heç vaxt narahat olmamağı ona məsləhət görən Elvin müharibənin tezliklə bitəcəyini, döyüşün bizim qələbəmizlə başa çatacağını deyirmiş.

Qazinin anası oğlu ilə fəxr edir. Tək ona görə yox ki, oğlu vətən torpağı üçün öz gözünü qurban verib. Həm də yüksək insani keyfiyyətlərə malik bir övlad böyütdüyü üçün.

Gözünün nurunu vətənə qurban verən qəhrəman qazimizin döyüş yolu çoxlarına nümunədir. Qəlbi vətən eşqi ilə döyünən qazilərimizin tezliklə şəfa tapmasını arzu edirik.

 

Valeh Anaroğlu