• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2388
— 18.10.2021 22:09

İkili tədris, tək məqsəd - kadr hazırlığı

KepezTV Player

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin də xarici əlaqələri genişlənir. İmzalanan Anlaşma Memorandumuna əsasən ötən tədris ilindən Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram əsasında “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Qeyd olunan proqram üzrə Ege Universitetinin 9 nəfərdən ibarət professor-müəllimi bir müddətdir ki, Aqrar Universitetdədir. Tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində iş aparan mütəxəssislər, müvafiq sahələr üzrə elmi tədqiqat işləri də görürlər.

İsmayıl Türkan Ege Universitetinin professoru: Bura bizim Ege Universitetinin Ziraat fakültəsi ilə aqrar universitetin ortaq diplomunun verilməsi ilə bağlı dərslərə gəlmişik. Biologiya dərsi keçirəm. Dərslər artıq 3 həftədir ki, davam edir. Hər şey yaxşı gedir. Bizi burada çox yaxşı qarşıladılar qardaş ölkədə. Çox xoşbəxtik. Bu motivasiya ilə də dərslərimizi keçirik.

Aqrar universitetin maddi-texniki bazası da türkiyəli elm adamlarının ürəyincədir. Tədris vəsaitlərinin dünyanın ən öndə gedən ali məktəblərinin ixtisaslarda istifadə olunanlardan geri qalmadığı önə çəkilir.

İsmayıl Türkan Ege Universitetinin professoru: Bu dərslərdə dünyanın ən qabaqcıl universitetlərində qəbul olunan mənbələrdən istifadə edirik. "Campbell Biology" kitabını buna misal göstərə bilərəm. Türk dilinə tərcümə də etmişik. Bir qrup müəllimlə. Müəlliflərdən də biri mənəm eyni zamanda. Yəni Amerikada hansı kitab oxudulursa, bu dəqiqə aqrarda da bu kitab izlənilir mənim tərəfimdən.

Tələbələrin də keçirilən dərslərə marağı böyükdür. Onlar beynəlxalq təcrübəni öyrəndikləri üçün özlərini şanslı hesab edirlər. Rəqabətə açıq olan əmək bazarında gələcəyin mütəxəssisi olacaqlarına əmindirlər.

Aqşin Mirzəzadə tələbə: Müəllimlərimiz dünyaca məşhur professorlardır. Bizlərə dərs keçirlər. Onların da keçdiyi dərslərdən çox məmnunuq. Bizim bu şansı əldə etməyimiz çox gözəl oldu burda. Müəllimlərimiz çox səmimidir. Deyirlər ki, bizimlə dostunuz kimi danışın. Özünüzü çox sıxmayın.

Dürdanə İbadullayeva tələbə: İzmirdən olan türk müəllimlər bizə dərs keçir. Buna görə də biz çox şanslıyıq. Çox gözəl məlumatlar əldə edirik. Hamısı yüksək səviyyəli professorlardır. Çox şanslıyıq həqiqətən burada oxuduğumuz üçün, bu fakültəni seçdiyimiz üçün. Qabağımızda çoxlu şanslarımız da var. Müəllimlərdən əldə edəcəyimiz çox şeylər var.

İkili diplom proqramı çərçivəsində qeyd olunan ixtisaslarının hər birinə 2021-2022-ci və 2022-2023-cü tədris ilində altmış, 2023-24-cü tədris ilində otuz tələbə qəbulu aparılacaq.