• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 917
— 18.10.2021 12:33

"Bütün təzyiqlərə baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi"

KepezTV Player

17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Füzulinin azad olunmasının əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu zəfərlə bütün dünya şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyimizi gördü.

Füzuli minaların sayına görə ən çox çirkləndirilmiş rayondur

“Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi". Prezident İlham Əliyev deyib ki, biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, dırnaqarası “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bu bir il ərzində biz çox genişmiqyaslı quruculuq işləri ilə, eyni zamanda, şəhər və kəndlərimizin bərpası ilə də məşğul olmuşuq. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır.

Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl yerlərindən birinə çevriləcək

Füzulinin maksimum qısa müddət ərzində çiçəklənəcyinə əminliyini ifadə edən dövlət başçısı Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planlarının hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, bütün bu işləri Azərbaycan heç kimdən asılı olmayaraq, öz vəsaiti hesabına həyata keçirəcək.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bu işləri görmək üçün əlbəttə ki, biz uzun illər işləmişik. Uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün şərait yaratmışıq, imkanlar yaratmışıq - texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları. Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir. Artıq mənə verilən məlumata görə, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.

"O vaxt Azərbaycan rəhbərliyi müstəqilliyi elan edərkən çox əsassız vaxt itkisinə yol verib"

Prezident İlham Əliyev 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı da danışıb. Edilən düzəlişlərin məqsədinin uyğunsuzluğa son qoymaq olduğunu deyib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: hesab edirəm, o vaxt Azərbaycan rəhbərliyi müstəqilliyi elan edərkən çox əsassız vaxt itkisinə yol verib. Çünki müstəqillik daha əvvəl, daha tez elan oluna bilərdi. Bunu da hər kəs bilməlidir. Biz tarixə ədalətli yanaşmalıyıq. Biz ermənilərdən fərqli olaraq heç bir mifologiya yaratmamalıyıq. Tarixi olduğu kimi bilməliyik və qiymət verməliyik. ... 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir. Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir. Gələcəkdə düzgün addımların atılması üçün də bu vacibdir və gənc nəsil də bunu bilməlidir.

"Gələcəyi öz əllərimizlə yaradırıq"

Dövlət başçısı vurğulayıb ki, müharibə artıq tarixdə qaldı, bu gün biz gələcəyi öz əllərimizlə yaradırıq. Növbəti dövr üçün nəzərdə tutulmuş hədəflərin təmin ediləcəyinə əminliyini bildirən Prezident İlham Əliyev keçmiş köçkünlərin maksimum qısa müddətdə öz doğma torpaqlarına qaytarılacaqlarını diqqətə çatdırıb.