• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 16.09.2021 20:40

"Sabaha bu gündən başla"

KepezTV Player

Gəncədə şagirdlərin xarici dil biliklərini təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə "Sabaha bu gündən başla" adlı layihəyə start verilib. 3 ay müddətində davam edəcək layihə çərçivəsində şagirdlərin ingilis dili bacarıqları formalaşdırılacaq, onlarda nitq mədəniyyəti təkmilləşdiriləcək, ünsiyyət formaları daha da dərinləşdiriləcək.

Gəncədə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 5-ci Qrant Müsabiqəsinin qalibi olan “Sabaha bu gündən başla” layihəsinin açılış mərasimi keçirilib. Gəncə şəhər 26 saylı orta məktəb-lisey kompleksində reallaşan tədbir pandemiya qaydaları gözlənilməklə açıq havada baş tutub. Açılış mərasimində Gəncə şəhər Təhsil İdarəsinin nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.

Şəbnəm Hüseynli layihə iştirakçısı: Mən bu layihədə iştirak etdiyim üçün çox sevincliyəm.Bu layihədə biz üç ay ərzində iştirak edəcəyik.Müəllimlərimizin verdiyi tapşırıqları yerinə yetirib, dövlətimizə layiq bir şagird olacağıq.

Orxan Əlizadə layihə iştirakçısı: Sabaha bu gündən başla adlı layihədə iştirak edirəm.Xarici ölkələrin şagirdləri ilə ünsiyyətdə olacağıq.Bu layihədə çoxlu tapşırıqlar yerinə yetirəcəyik.Bu tapşırıqlar nəticəsində biz ingilis dilində daha yaxşı danışacağıq.

Tədbir zamanı qeyd edilib ki, koronavirus pandemiyasının təhsilə vurduğu zərərləri aradan qaldırmaq məqsədilə şagirdlərin öz aralarında əməkdaşlıq etməsi, yaradıcılıq bacarıqlarını göstərməsi labüddür. Beynəlxalq əməkdaşlıq əsasında qurulan təlim metodları da şagirdlərin gələcəkdə müstəqil bir fərdə çevrilməsində mühüm rol oynayacaq.

Nəzirə Qəmbərova layihə rəhbəri: Şagirdlər digər xarici məktəblərdə təhsil alan şagirdlərlə əməkdaşlıq edəcəklər, layihə boyunca şagirdlərdə 21-ci əsrin bacarıqları inkişaf etdiriləcək.Onlarda məntiqi düşünmə, əməkdaşlıq, ünsiyyətin qurulması inkişaf etdiriləcək.Layihənin üstün cəhətlərindən biri odur ki, layihə ingilis dilində həyata keçiriləcək.İngilis dili öyrənərkən uşaqlar həm dinləmə, həm danışma, oxu və yazı bacarıqlarını, eyni zamanda düşünmə bacarıqlarını inkişaf etdirəcəklər.

Layihənin rəhbəri Nəzirə Qəmbərova bildirib ki, təhsilin gələcəyin pasportudur. Sabah isə ona bu gündən başlayanlar üçündür. Pedaqoq öz çıxışında vurğulayıb ki, layihə zamanı müasir dövrün təhsil metodlarından istifadə olunacaq, şagirdlərdə dil bacarıqlarının təkmilləşdirilməsi əsas hədəflərdən biri olacaq.

Nəzirə Qəmbərova layihə rəhbəri: Uşaqlar bəzi günlərdə üzbəüz olaraq təlimlərə cəlb olunacaqlar, bəzi günlərdə onlayn şəkildə, Zoom platforması vasitəsilə digər xarici məktəblərdə təhsil alan şagirdlərlə əməkdaşlıq edəcəklər.Bəzi mövzular üzrə bir-birindən bilmədiklərini öyrənəcəklər. Verilmiş mövzular üzrə ekspertlər də dəvət olunacaq.Ekspertlər də müəyyən mövzularda uşaqlara dəstək olacaqlar.

Yeni tədris metodlarından bəhrələnən şagirdlərin məntiqi düşüncələri, əməkdaşlıq etmək qabiliyyətləri və ünsiyyət qurmaq bacarıqları təkmilləşir. Beləliklə yeni layihələrin hazırlanması zərurəti yaranır. Bəs bu mənada müəllimlərə hansı dəstək tədbirləri həyata keçirilir?

Mehriban Hüseynova Təhsil İdarəsinin metodisti: Mən istərdim ki, Gəncə şəhərinin digər məktəblərində də belə bir layihələr həyata keçirilsin. Çünki, layihənin həyata keçirilməsi uşaqlarda, təkcə oxu bacarıqları deyil, digər bacarıqların da formalaşdırılmasında köməklik edir.Biz həmişə gənc müəllimlərin yanında oluruq. Yeni layihə yazmaq istəyən müəllimlərə də kömək oluruq.Öz qabaqcıl təcrübələrindən istifadə edərək, digər layihə qaliblərini də çağırırıq və onlara ətraflı məlumat verilir.

Layihə çərçivəsində şagirdlər qrammatik biliklərini, lüğət ehtiyatlarını da verilən tapşırıqlar əsasında dərinləşdirəcəklər. Bu sağlam düşüncəli, hazırki əmək bazarına rəqabətqabiliyyətli,potensiallı kadrların qazandırılmasında əsas rol oynayacaq.

Valeh Anaroğlu