• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 15.09.2021 12:25

Bakının işğaldan azad olunmasının 103-cü ildönümü ilə bağlı yürüş

KepezTV Player

Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsinin 103-cü il dönümü ilə bağlı daha bir yürüş ölkənin ikinci böyük şəhəri Gəncədə baş tutub. Hərbiçilərin yürüşündən sonra isə Türkiyənin Gəncədəki Baş konsuluğunda anım tədbiri keçirilib.

Qafqaz İslam Ordusunun Bakı şəhərini işğaldan azad etməsinin 103-cü ildönümü münasibətilə Gəncənin Heydər Əliyev prospektində N saylı hərbi hissənin əsgər və zabitlərinin hərbi yürüşlə keçidi olub. “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında keçirilən təntənəli yürüş hərbi orkestrin müşayiəti ilə baş tutub. Azərbaycan və Türkiyənin bayraqları dalğalandırılıb. Vətəndaşlar yürüşü sevinc və qürur hissi ilə izləyiblər.

Daha sonra Türkiyənin Gəncədəki Baş Konsulluğunda tarixi günlə bağlı anım tədbiri baş tutub. 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək tarixdə şərəfli səhifə açıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb. Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.

Tədbirin sonunda Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsinin 103-cü ildönümü ilə bağlı hazırlanan videoçarx nümayiş olunub.

Elnur Vahidoğlu