• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 988
— 25.08.2021 11:54

Qanunu pozan 125 şəxs cərimələnib

KepezTV Player

Məlum məsələdir ki, ölkədə COVİD-19-a yoluxan insanların sayında müşahidə edilən kəskin artım, eləcə də ölənlərin sayının çox olması nəzarət tədbirlərinin gücləndirilməsini labüd edib. Gəncədə də qapalı məkanlarda və ictimai nəqliyyatda polisin yoxlamaları davam edir.

Xüsusi karantin rejimi qaydaları çərçivəsində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində nəzarət-profilaktik tədbirləri həyata keçirilir. Asayiş keşikçiləri tərəfindən iri market və ticarət obyektlərində tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyən vətəndaşlara koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur, onlara tibbi ləvazimatlardan istifadə etməyin vacibliyi diqqətə çatdırılır. Reyd zamanı əksər şəxslərin qanunlara riayət edərək tibbi maska taxdıqları müşahidə olunsa da, qapalı məkanlarda qaydaları pozanlar da aşkarlanıb. Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb, əsassız bəhanələr gətirən və karantin qaydalarını pozan vətəndaşlar isə məsuliyyətə cəlb olunub.

Qapalı məkanlarla yanaşı, Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ictimai nəqliyyatda da analoji reydlər təşkil edirlər. Keçirilən monitorinq zamanı qaydaları pozan sürücü və sərnişinlərlə maairfləndirici söhbətlər aparılır, onlara sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, həmçinin düzgün istifadənin zəruriliyi barədə tövsiyələr verilir, sərnişinlərə tibbi maska paylanılır.

Reyd zamanı qapalı məkanlarda qaydaları pozan 95, ictimai nəqliyyatda isə qanuna tabe olmayan 30 vətəndaş cərimlənib.