• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 29.06.2021 20:23

Erməni təcavüzündən zərər çəkən 12 ailəyə kompensasiya verilib

KepezTV Player

Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan  silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərə, sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident sərəncamı ilə yaradılan Dövlət Komissiyası müvafiq işlər aparıb. Gəncədə raket zərbələri nəticəsində zərərçəkən 12 ailəyə istəklərinə uyğun olaraq razılaşdırılmış qaydada mənzillərinin dəyəri məbləğində pul vəsaiti verilib.

44 günlük Vətən müharibəsi zamanı ermənilərin Gəncəni raket atəşinə tutmaları nəticəsində mülki əhaliyə dəyən ziyanın hesablanması prosesi davam edir. İndiyə qədər həyata keçirilən proses çərçivəsində evləri dağılan sakinlərə yaşayış yerinin kvadratına uyğun olaraq məbləğlər təyin olunub. Qərarla 67 ailə Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, 272 ünvanında inşa etdiyi yaşayış kompleksində 92 tam təmirli mənzillə təmin edilib. Erməni təcavüzündən əziyyət çəkən 12 ailənin hesabına isə ümumilikdə 987 min 40 manat vəsait köçürülüb.

Kompensasiya alanlardan 2 ailə Əli Nəzmi küçəsində, ermənilərin oktyabırın 4-də həyata keçirdiyi ilk raket hücumu nəticəsində evləri dağılanlardır. Onlar da göstərilən bu diqqət və qayğıdan razıdırlar.

Evləri dağılan sakinlərin hesablarına pul vəsaiti iyunun 25-də köçürülüb. Qalan 3 ailə isə yaxın günlərdə kompensasiya ilə təmin ediləcək.

Elnur Vahidoğlu