• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 29.06.2021 12:25

Orta əsrlərə aid ev qalıqları aşkar edilib

KepezTV Player

Mədəniyyət Nazirliyi ilə AMEA-nın Arxeologiya və Entoqrafiya İnsitutu ölkədə arxeoloji abidələrin mühafizəsi məqsədilə qeydiyyatı və onların gələcək tədqiqatları ilə bağlı yeni layihə hazırlayır. Tovuzda da arxeoloji abidələrin yenidən tədqiqinə başlanılıb. Araşdırmalar zamanı orta əsrlər mədəniyyətinə aid ev qalıqları da aşkar edilib. Əraziyə baxış keçilib, ilkin qazıntı işləri aparılıb və mühafizə zolağı yaradılıb.

Tovuzda XV-XVII əsrlərə aid məscid-türbə kompleksi və qədim qəbirlər ətrafda qədim yaşayış məskəninin mövcudluğuna dəlalət edib. AMEA-nın Tovuz Arxeoloji Ekspedisiya Qrupunun rayonun Vahidli kəndi ərazisində apardığı araşdırmalar zamanı iki otaqlı ev qalıqları aşkarlanıb. Burada XV əsrə aid Sultan Körpüsünün olması isə onu deməyə əsas verir ki, bu evlər ticarət yolunun üzərində inşa edilib.

Tapılan evin təməl hörgüsü 60 sm enində, təxminən 80 sm dərinlikdədir. Arakəsmələrdə taxtadan istifadə edilib və bu taxtalar bir-birinə dəmir mıxlarla bərkidilib. Aşkarlanan qalıqlar evin dam örtüyünün kərpicdən olduğunu göstərir. Sözügedən ərazinin uzunluğu 700 metrdir. Arxeoloqlar buranın təsərrüfat və ya digər məqsədlər üçün istifadə edilməməsi və dağıntılara məruz qalmaması üçün ərazinin mühafizə zolağı elan edilməsinin vacibliyinə diqqət çəkirlər.

El arasında Qala Düzü adlanan ərazidə tapılan maddi mədəniyyət nümunələri genişmiqyaslı qazıntı işlərinin aparılması məqsədilə AMEA-ya göndərilib.