• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 16.06.2021 16:22

Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edib

KepezTV Player

Qarabağı azad edən Azərbaycanın Milli Məclisində olmaqdan şadam. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib. Ərdoğan vurğulayıb ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycanın müstəqilliyinin 30 ilinin ən önəmili hadisəsidir.

Türkiyə Prezidenti qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbə ilə Cənubi Qafqazda qanayan yara qapanıb, bölgədə davamlı sülh və sabitlik üçün böyük bir fürsət yaranıb. Bu sülhdən yalnız Azərbaycan deyil, Ermənistan da daxil olmaq bütün bölgə ölkələri, hətta dünya faydalanacaq. Rəcəb Tayyib Ərdoğan Qarabağda şahidi olduğu erməni vəhşiliklərindən də danışıb.

İşğaldan azad olunan ərazilərin bərpasında Türkiyənin yaxından iştirakına diqqət çəkən Ərdoğan vurğulayıb ki, Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, ən zəngin mədəniyyətə malik yerlərdəndir.

Keçmişdən gələcəyə qurulacaq körpü ilə türk mədəniyyətini layiq olduğu yerə qaldırmağın vacibliyinə diqqət çəkən Türkiyə Prezidenti qeyd edib ki, Qarabağ zəfərinin Cənubi Qafqaza və dünyaya verəcəyi töhfənin qiyməti zaman keçdikcə daha yaxşı anlaşılacaq. Ərdoğan keçmişdən bu günə Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, bundan sonra da olacağını vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bir daha Zəngəzur dəhlizinin önəmini vurğulayıb, Azərbaycan və Türkiyənin təklif etdiyi “altılıq” platformasından danışıb.

Ərdoğan onu da qeyd edib ki, Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, Türkiyə də lazımi addımları atacaq.