• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 08.06.2021 20:51

Düşmənə qəhrəmanlıq dərsi keçən məktəb direktoru

KepezTV Player

Əgər mövzu şəhiddirsə, axan sular dayanar. Nə yolun çətinliyi, nə də uzaqlığı gözə görünər. Bu dəfə çəkiliş qrupumuzla bir yerdə yollandıq Ağstafa rayonuna - şəhid Elvin Sadıqzadənin ailəsinə. Bir zamanlar məktəb direktoru olan istedadlı gənc bu gün ən ali məqama yetib.

Uğur Sənsən verilişi Kəpəz TV

1 il əvvəl Kəpəz TV-nin əməkdaşları Ağstafa rayonunda uğurlu gənc kimi məktəb direktoru Elvin İmaməliyev haqqında veriliş hazırlamışdılar. Həmin vaxt izləyib Azərbaycanın belə vətənpərvər, savadlı gəncləri oluğu üçün qürur duymuşduq. Həmin vaxt nə bilərdik ki, 1 il sonra Elvin İmaməliyevin şəhidliyindən, qəhrəmanlığından reportaj hazırlayacağıq.

Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetində xarici dil müəllimliyi ixtisası üzrə təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq doğma Qırılı kəndinin tam orta məktəbində fəaliyyətə başlayıb. Bir müddət sonra isə Ağstafa şəhər 1 nömrəli orta məktəbə direktor təyin olunub. Rayonun ən gənc məktəb direktoru olaraq tanınırdı Elvin İmaməliyev. Eyni zamanda, Yeni Azərbaycan Partiyası Ağstafa Rayon Təşkilatı Gənclər Birliyinin sədri idi.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq başlatdıqları əks-hücum əməliyyatından sonra hamı kimi Elvin İmaməliyev də torpaqlarımızın azadlığı uğrunda haqq savaşına atılır. Vətən müharibəsində qəhrəmanımız Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşur. Elvin İmaməliyev noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elvin İmaməliyev Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Nərgiz Əhmədqızı