• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1035
— 08.06.2021 15:50

Su və kanalizasiya layihəsi başa çatır

KepezTV Player

Qazax şəhərinin içməli və tullantı sularının axıdılmasının yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir. Sərhəd bölgəsində yerləşən şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün yeni su mənbəyi yaradılıb, sutəmizləyici qurğunun inşası isə davam etdirilir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi iyul ayında tam başa çatacaq.  Şəhərdə ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri 1970-ci illərdə yaradılıb. Həmin dövrdə yaradılan sistem istismara yararsız vəziyyətə düşdüyündən mövcud tələbatı ödəmirdi. Bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində sözügedən şəhərində yeni infrastrukturun yaradılmasına başlanıb. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb, 8,6 km quyulararası su xətləri inşa edilib. Mənbədən götürülən suyun anbarlara ötürülməsi məqsədilə nasos stansiyası tikilib. Su mənbəyindən Qazax şəhərinə 9 km magistral su kəmərinin tikintisi başa çatdırılıb.

Fuad Təhməzov “Azərsu” ASC-nin şöbə rəisi:Ümumi həcmi 10 min kub olan su anbarında tikinti işləri 90 faiz tamamlanmışdır və 115 km-lik su şəbəkəsinin 111 km-liyində işlər tam olaraq başa çatdırılmışdır. Şəhər ərazisində formalaşan tullantı sularının kənarlaşdırılması məqsədilə kanalizasiya şəbəkəsi də qurulmuşdur. 85 km kanalizasiya şəbəkəsinin 84,6 km-də inşa işləri yekunlaşıb. Bundan əlavə 6500 abonentə su sayğacı quraşdırılmışdır.

Şəhərdə yaranan tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə işlərin 85 faizi yerinə yetirilib. Bununla yanaşı, istehlakçılara göstərilən müştəri xidmətlərin keyfiyyətinin yüksəldilməsi və işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə Qazax Sukanal Sahəsi üçün müasir tipli inzibati bina inşa edilib. Layihə 26 min əhalinin əhatə etsə də gələcəkdə rayonun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Bununla da layihədən ümumilikdə 45 min sakin faydalanacaq.