• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 01.06.2021 12:07

Ən çox istifadəçi kütləsinə sahib veb brauzerlərin reytinqi tərtib olunub

Atlas VPN servisinin tərtibatçıları ən çox istifadə olunan veb brauzerlərin reytinqini tərtib ediblər. Onların məlumatlarına əsasən bu məsələdə Google Chrome öz liderliyini qoruyur və dünya əhaləsinin yarısı bu brauzerdən istifadə edir. Maraqlısı ondadır ki, tərtib olunmuş reytinqdəki bəzi brauzerlər təəccübləndirici yerləri tutublar. Sözügedən reytinqin tərtib olunması üçün brauzerlərin bazarda sahib olduqları pay göstəriciləri götürülüb və həmin göstəricilər internet istifadəçilərinin konkret sayına çevrilib. Nəticədə hər bir brauzerdən hansı sayda istifadəçinin istifadə etdiyini təyin etmək mümkün olub. Lakin qeyd etmək lazımdır ki, təqdim edilmiş göstəricilərin 100% dəqiq olduqlarına zəmanət verilmir.

Beləliklə sözügedən reytinqə inansaq. bu ilin aprel ayı üzrə statistikaya əsasən 3.258.256.887 nəfər insan Google Chrome brauzerindən istifadə edir. Bu isə Yer kürəsinin bütün əhaləsinin 40%-ni təşkil edir. Reytinqin ikinci pilləsində Apple şirkətinin Safari brauzeri qərarlaşıb. Məlumata əsasən 944.576.100 nəfər insan bu brauzerdən istifadə edir. Yerdə qalan brauzerlər isə Google ilə Apple şirkətlərinin məhsullarından bir xeyli geridə qalırlar. Beləliklə 181 milyon istifadəçi kütləsi ilə üçüncü yeri Firefox, 171 milyon istifadəçi kütləsi ilə dördüncü yeri Microsoft Edge, 167 milyon istifadəçi kütləsi ilə beşinci yeri Samsung Internet, 112 milyon istifadəçi kütləsi ilə isə altıncı yeri Opera tutur. Təəccüblü məqam ondan ibarətdir ki, bu reytinqə Samsung Internet brauzeri daxil olub. Belə ki, sözügedən brauzerdən yalnız smartfonlarda istifadə olunur.