• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1857
— 06.05.2021 17:07

Azad edilmiş ərazilərdə aşkarlanan mina və sursatlarla bağlı sərgi

KepezTV Player

Minatəmizləmə Agentliyində minatəmizləmə fəaliyyətinin geniş miqyasda əks etdirilməsi məqsədilə sərgi təşkil olunub. Sərgidə zirehli geyim dəstləri, mina detektoru, müxtəlif təlim sursatları və mina növləri nümayiş edilib. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə aşkarlanan minalar, partlayıcı qurğular və müxtəlif tipli silah-sursatlar haqqında məlumat verilib. ANAMA-nın Təlim və Keyfiyyətə Təminat Şöbəsinin baş mütəxəssisi Musa Məmmədov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək aparılan minatəmizləmə əməliyyatları zamanı ən çox tapılan PMN seriyasına aid piyada əleyhinə mina növüdür.

Humanitar dəhlizlərin yaradılması üçün minatəmizləmə əməliyyatları davam etdirilir

Minatəmizləmə Agentliyinin Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov isə jurnalistlərə açıqlamasında deyib ki, 44 günlük müharibə zamanı yerli sakinlərdən daxil olmuş çağırışlar əsasında, həmçinin işğaldan azad olunan ərazilərdə humanitar dəhlizlərin yaradılması məqsədilə minatəmizləmə əməliyyatlarına start verilib. Bugünədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb. İdris İsmayılovun sözlərinə görə, ölkəmizə yeni texnikaların gətirilməsi ilə bağlı aparılan işlər davam etdirilir. Texnikaların alınacağı ölkələrlə bağlı bir neçə təklif mövcuddur. Yeni texnikaların həm Türkiyədən, həm də digər əvvəlki şirkətlərdən alınması nəzərdə tutulub.

İdris İsmayılov ANAMA-nın şöbə müdiri:"10 noyabrdan sonra işğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına start verilib. Hazırda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin təmizlənməsi həyata keçirilir. Bu günə kimi aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və PHS-dən tam təmizlənib. Əməliyyatlar zamanı 18 648 mina və PHS tapılıb və zərərsizləşdirilib. 10 km uzunluğunda Suqovuşan avtomobil yolu, həmçinin elektrik xətləri üzrə Füzulidən Hadrut istiqamətində 37 kilovoltluq elektrik xətti, Fuzuli-Şusa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib. Hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir. Bura dəmiryolu və avtomobil yolları üzrə layihələr daxildir. Bərdə-Agdam dəmiryolu xətti, Fuzuli-Zəngilan xətlərinin təmizlənməsi həyata keçirilir. O cümlədən, Füzuli-Şusa avtomobil yolunun təmizlənməsi davam etdirilir. 2-3 gün ərzində Zəfər yolu tam olaraq təmizlənərək təhvil veriləcək".