• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1477
— 18.04.2021 19:57

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

KepezTV Player

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qədim Gəncədə qeyd edilib. Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərəsində tədbir təşkil olunub, Comərd Qəssab türbəsində iməcilik keçirilib.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Nizaminin məqbərəsində təşkil edilən rəsm sərgisində Gəncə Uşaq İncəsənət məktəbi, Gəncə Uşaq Rəssamlıq Məktəbi şagirdlərinin əl işlərinə baxış keçirilib. Qədim pulların nümayiş etdirildiyi stend də ən çox diqqət çəkən bölmələrdən olub. Keçmiş zamanlardan bu günə qədər qorunub saxlanılan kağız və dəmir əskinazlar maraqla qarşılanıb. Bundan başqa, tədbirdə sənətkarlıq nümunələri də sərgilənib. Gəncə Dövlət Filarmoniyasının musiqiçilərinin ifaları isə qonaqlarda xoş ovqat yaradıb.

Tədbirin davamı olaraq Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Gəncə Maarif Evi”nin təşkilatçılığı ilə Comərd Qəssab türbəsində iməcilik təşkil edilib. Tarixi abidənin ətrafı təmizlənib, səliqəyə salınıb, Gəncənin rəmzi hesab edilən çinar ağacları əkilərək suvarılıb.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.