• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1292
— 14.04.2021 16:23

Ukrayna Qarabağda yenidənqurma işlərində maraqlıdır

KepezTV Player

Ukrayna regionda sülhün bərqərar olmasında və Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan yenidənqurma işlərində iştirak etməkdə maraqlı tərəfdir. Ukraynanın infrastruktur naziri Vladislav Krikliy Gəncədə səfərdə olarkən ölkəsinin Qarabağda iqtisadi sahənin inkişafında kömək etməyə hazır olduğunu bildirib. Şəhər rəhbərliyi ilə görüşən nazir Azərbaycanın qələbəsi ilə Qarabağ münaqişəsinə son qoyulmasının regionda davamlı sülhə gətirib çıxarağına inandığını deyib. İşğaldan azad olunan ərazilərin bərpasının əsas prioritet məsələ olmasına diqqət çəkib. Hərtərəfli əlaqələrin getdikcə daha da şaxələndiyini vurğulayaraq ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Nazir Gəncə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində də olub. Universitetin dünyanın 30 ölkəsindən 100-ə yaxın təhsil ocağı ilə elmi əlaqələr qurduğu diqqətə çatdırılıb. Sonra Aqrar Universitet ilə Odessa Milli Aqrar Universiteti arasında rektorların iştirakı ilə onlayn formatda əməkdaşlıq memorandumu imzalanıb.

Vladislav Krikliyin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın müharibə zamanı Gəncədə törətdiyi cinayətlərlə də yaxından tanış olub. Qonaqlar oktyabrın 11-də şəhərdə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağıdılmış əraziyə gül dəstələri düzüblər. Qeyd olunub ki, ermənilər Gəncədə əhalinin sıx yaşadığı müxtəlif əraziləri “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında atəşə tutublar. Bu hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.